9 aydır bütün təqaüdləri kəsilən Qarabağ qazisi intihar həddində
"9 aydır təqaüd ala bilmirəm. Bəs, mən nəylə və necə dolanım? Evin kommunal xərclərini ödəməyə, çörək almağa belə pul tapmıram, müalicəm üçün daim istifadə etməli olduğum dərmanların üzünə həsrət qalmışam”.
Bunu Qaynarinfo-ya açıqlamasında Birinci Qarabağ müharibəsinin veteranı, Biləsuvar rayon sakini, II qrup Qarabağ əlili Asif Həşimov deyib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu süründürməçiliyini və ona qarşı baş verən haqsızlıqların səbəbini başa düşmədiyini deyib:
"Biləsuvar rayon Mərkəzi Xəstəxanasında həkimlər var, göndərsinlər nümayəndələrini, gəlsin, orada bir də komissiyadan keçirsinlər. Nə məcburdur Bakıya gəlim? Hər yeri xəstəlik başına alıb. 9-cü aydır ki, dövlətdən təqaüd ala bilmirəm. Nazirliyin məni niyə süründürməsinin cavabını bilirəm. Onlar mənə maşın vermişdilər, nasaz idi, mən də şikayət etdim, məsələni ictimailəşdirdim. Bu da onların xoşuna gəlməyib yəqin. Maşını dəyişəndən 8 ay sonra pensiyam dayandı. Bu oyundu, bilmirlər, hansı variantla saxlasınlar. Pensiyanı saxladın, bəs Prezident Təqaüdünü niyə saxlayırsan? Mən nəylə dolanım? Mənim ev xəclərim var, 9 aydır dərman üzünə həsrət qoyublar. Xəstəxanaya gedirəm, deyirlər, dərman yoxdur, pulla da ala bilmirəm. Çünki pul yoxdur. Evdə uşaqlarımın üzünə baxa bilmirəm. Görün müharibədə düşmənin sındıra bilmədiyi Asif nə günə qalıb ki, artıq çörək söhbəti eləyir. Bunları dediyimə görə belə utanıram! Bütün instansiyalar mənim təkrar ekspertizamı keçirib, forma 88 göndərilib, TƏBİB təsdiqləyib, nazirliyə göndərib. Səkkiz aydır nəticə üçün e-gov.az saytına girib baxıram və səkkiz aydır ki, ancaq bu sözü oxuyuram: "Əlavə yoxlanışlar aparılır”. Mənim nə qədər sənədim var ki, 8-9 aydı yoxlayıb qurtara bilmirlər? Artıq yaşaya bilmirəm. Yaşamaq istəmirəm. İndi özünüz deyin, bunun günahkarı kimdir?”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Qaynarinfo-nun sorğusuna cavabında bildirib ki, Asif Həşimov yenidən təkrar komissiyadan keçməlidir:
"Onu Bakıya çağıracaqlar ki, təyin olunan komissiyadan keçsin. Çalışağayıq ki, bu ay ərzində komissiyadan keçsin”.
Qarabağ
qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü Rey Kərimoğlu Qaynarinfo-ya
açıqlamasında bildirib ki, qanunvericilikdəki boşluqlar aradan qaldırılmayana qədər
bu problemlər davam edəcək:
"2015-ci
ildə Milli Məclisdə Əlillik meyarlarının müəyyənləşdirilməsi qaydası haqqında
qanun qəbul edilib. Onun ardınca Nazirlər Kabineti həmin qanuna uyğun olaraq
413 saylı eyni adlı qərar qəbul edib. Bu da 2016-cı ildən qüvvəyə minib.
2015-ci ildən əlillik dərəcələri beş illik verilirdi. 5 il gəlib 2020-2021-ci
illərə düşdü. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) beş illik verilmiş
dərəcələrə 2015-ci ildə qəbul edilmiş qərara istinadən baxır.
Qərar
qəbul edildikdən sonra, kodlaşdırma zamanı 1500-ə yaxın diaqnoz və xəstəliklər
siyahıdan çıxarılıb. Hansı ki həmin diaqnoz və xəstəliklər əlilliyə səbəb olub.
Bəzi insanlara da yeni qanunla əlillik düşmür.
Araşdırmalarım
nəticəsində bəlli oldu ki, prezidentin əlillik dərəcəsinin verilməsi və müəyyən
edilməsinin elektronlaşdırılmasına dair fərmanı olub. Fərmandan sonra Səlim
Müslümov (sabiq nazir) Milli Məclisə bir təkliflər paketi ilə gəlib və bildirib
ki, prezident tapşırıb ki, bunu qəbul etmək lazımdır. Milli Məclis bunu müzakirə
etmədən qəbul elədi.
İndi
araşdıranda məlum olur ki, heç bir elmi, tibbi araşdırma aparmadan həqiqətən də
100-150 xəstəlik sistemə vurublar, amma bu kodlaşdırma vaxt aparan iş
olduğundan 1500 civarında xəstəlik və diaqnozu sistemə vurmayıblar. İndi ona
görə də, qarışıqlıq yaranıb.
Sahil
Babayevin rəhbərlik etdiyi ƏƏSMN əlillik dərəcələri verməyə başlayandan
problemlər başladı. Əvvəlcə nazirlikdən narazılıqlar oldu. Daha sonra etiraz edənləri
dəvət etdilər nazirliyə və izah elədilər ki, problemin kökü başqadır. Nazirlik
yeni qanun hazırlamağa başladı. Türkiyə modelində olduğu kimi, bütün yaralılara
əlillik dərəcələri verilməlidir. Həmin qanuna əsasən 3 qrup yox, 6 qrup
olacaqdı. Ancaq həmin layihə bir müddət Milli Məclisdən keçə bilmədi. Jurnalist
olaraq versiyam budur ki, maliyyə naziri Samir Şərifov bu qanunun qəbul edilməsinə
mane olub. Çünki siyahıdan çıxarılmış 1500 xəstəlik və diaqozun 800-ü bərpa
ediləcəkdi. Bu da təxminən 55-60 faiz edir. Bu da o deməkdir ki, indi küçələrə
çıxıb etiraz edən şəxslərdən 55-60 faizi əlillik dərəcəsi ala biləcək. Samir Şərifov
və bir qrup şəxs isə buna etiraz edərək mane oldu və bununla da yeni qanunun
qüvvəyə minməsi bu ilin iyul ayının 1-nə təyin edildi”.
Şərhlər