"ABŞ bu açıqlama ilə Kiyevin Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə görə məsuliyyəti öz üzərindən atır".
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib.
"Ortada risklər var. Bu daha çox ABŞ Rusiya münasibətlərinin gərginləşməsi, nəzarətdən çıxması ilə əlaqəli məsələdir. Ona görə də Ağ Ev sözçüsünün həmin açıqlamasına bu çərçivədə baxmaq lazımdır", deyə Nazim Cəfərsoy bildirib.
Ekspertə görə, Qərb Rusiyanın reaksiyasından çəkinir:
"Çünki daha əvvəl Kreml açıqlama vermişdi ki, Rusiyaya qarşı Ukraynanın istifadə etdiyi silahların sahibi olan ölkələr də prosesdən zərər görəcək, onun cavabını alacaq. Ona görə də Ağ Ev rəsmisi belə açıqlamalar verməklə ABŞ Rusiya münasibətlərinin daha da gərginləşməsini əngəlləməyə, Moskvanın hədəfi olmaqdan qaçmağa çalışdığını ortaya qoyur".
Həmsöhbətimizin fikrincə, bu açıqlama həm də Vaşinqtonun məsuliyyəti öz üzərindən götürməsi anlamına gəlir:
"ABŞ bununla Rusiyanın dərinliklərinin vurulması məsələsində öz üzərinə məsuliyyət götürmək istəmir. Bu məsələdə qərarların Kiyev tərəfindən verildiyini bəyan edir. Bununla da Vaşinqton özünü sığortalamağa çalışır. Bildirir ki, sadəcə silah verməklə məşğuldur. Bu silahlardan harda istifadə etməsi isə Kiyevin öz qərarıdır və Vaşinqtonun belə vəziyyətin yaranması ilə heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə hələ də Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəyə icazə verməyib. Belə bir açıqlama ilə Ağ Evin sözçüsü Karine Jan-Pyer çıxış edib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə ABŞ silahları ilə zərbələr endirməsinə qadağa qoymasına münasibətini dəyişməyib. O, Ağ Evin mövqeyinin dəyişməyəcəyini də vurğulayıb.
Rüfət Sultan
Şərhlər