Dünya 13:34 26.06.2022

ABŞ və müttəfiqlərinin gizli “komando”su Ukraynaya döyüşməkdə yardım edir – NYT

ABŞ və digər NATO ölkələrindən olan gizli "komando” şəbəkəsi Ukrayna Silahlı Qüvvələrinə Rusiya təcavüzünə qarşı mübarizədə yardım edir. Xüsusi Təyinatlı Qüvvələrin zabitləri Ukrayna hərbçilərinin silah, kəşfiyyat və təlimlərlə təmin olunmasına nəzarət etməyə kömək edir.

Bu barədə Qaynarinfo "New York Times”a istinadən xəbər verir.

Bu işlərin əksəriyyəti Ukraynadan kənarda, xüsusən Almaniya, Fransa və Böyük Britaniyadakı ordu bazalarında həyata keçirilir. ABŞ rəsmilərinin bildirdiyinə görə, "komandolar” Rusiya qoşunları ilə bağlı məxfi məlumatları da Ukrayna komandanlığına ötürür. Daha əvvəllər Ukrayna ərazisində digər NATO ölkələrindən, o cümlədən Böyük Britaniya, Fransa, Kanada və Litvadan onlarla "komando” işləyib.

Komandolar həmçinin Ukrayna qoşunlarına silahların və digər hərbi yardımların cəbhə bölgələrinə çatdırılması üçün quru yolların yaradılması, habelə bu logistik marşrutlar üçün potensial təhlükələrin qarşısının alınması ilə bağlı məsləhətlər verir. "Komandolar” Ukrayna komandanlığına ölkənin digər bölgələrindəki qərargahlardan və ya uzaqdan şifrəli rabitə kanalları vasitəsilə məsləhət verir.

Nizami Bağırov