Ekonomiks 18:41 01.12.2023

Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Şurasının 130-cu sessiyasında ölkəmizi təmsil edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı (BDT) Şurasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən 130-cu sessiyasında ölkəmizi təmsil edib.
 
Tədbirdə İnsan resursları departamentinin direktoru Nigar Rəhimova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Xatirə Mehdiyeva iştirak edib.
Sessiyanın ilk günündə dəniz təhlükəsizliyi, gəmiçilik sahəsində beynəlxalq əməkdaşlıq, ətraf mühitin mühafizəsi, beynəlxalq gəmi ticarətinə təsir edən bütün növ texniki məsələlərlə bağlı dövlət tənzimləmələri mövzusunda müzakirələr aparılıb.
 
Tədbirdə Dünya Dənizçilik Universitetinin təhsil və təcrübə sahəsində həyata keçirdiyi proqramlar, təşkilatda insan resurslarının idarə olunması, hökumətlər arasında əməkdaşlıq üçün mexanizmlərin təmin edilməsi və hüquqi normativ bazanın yaradılması məsələləri nəzərdən keçirilərək BDT-nin Assambleyasında səsverməyə çıxarılıb.
 
Sessiya çərçivəsində BDT-nin baş katibi Kitak Limlə DDLA-nın nümayəndə heyəti arasında dənizçiliyin inkişaf etdirilməsinə xidmət edəcək beynəlxalq əməkdaşlığın qurulmasına dair danışıqlar aparılıb.