Bakıda özünü “Azəriqaz” QSC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, məhkəmədə elan olunmuş ittihama əsasən, təqsirləndirilən şəxs əvvəllər qaz təsərrüfatı sahəsində çalışıb. O, sonradan həmin işdən ayrılmasına baxmayaraq, özünü şirkətin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qaz xətti çəkilməsi və qaz sayğaclarının quraşdırılmasında köməklik göstərə biləcəyini vəd edib.
İttihama görə, o, vətəndaşlardan birindən Bakı şəhərindəki evinə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılması müqabilində 3 135 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib və pulu qaytarmayıb.
Digər zərərçəkmişdən də eyni üsulla 3 000 manat aldığı bildirilib.
Növbəti epizodda isə təqsirləndirilən şəxs vətəndaşlardan birinə Səbail rayonunda yerləşən evə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılmasına kömək edəcəyini deyərək müxtəlif vaxtlarda 600, 400 və 200 manat, yəni ümumilikdə 1 200 manat alıb.
Başqa bir epizod üzrə isə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılması üçün vətəndaşdan müxtəlif tarixlərdə 2 800, 200 və 100 manat, ümumilikdə 3 100 manat pul aldığı qeyd olunub.
Beləliklə, ittihama əsasən, ayrı-ayrı şəxslərdən ümumilikdə 10 435 manat pul alınıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilib. O, əvvəllər qaz idarəsində işlədiyini, qaz sayğaclarının quraşdırılması ilə bağlı müəyyən əlaqələrinin olduğunu bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluğun təkrar törədilməsi) ilə təqsirli bilib. Ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Müttəhimin tutulduğu 4 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər