Dünya 16:34 09.12.2022

Aİ Rusiyanın Afrika və Yaxın Şərqdə təbliğatına mane olacaq

Avropa İttifaqı Rusiyanın dövlət telekanallarının Afrika və Yaxın Şərqdə yayımını dayandırmaq niyyətindədir. Aİ ölkələri buna dünyanın ən böyük peyk provayderlərinin Rusiya şirkətlərinə xidmət göstərməsini qadağan etməklə nail ola bilərlər.

"Fransanın Eutelsat və Lüksemburqun SES şirkətləri dünyanın ən böyük peyk provayderləri sırasındadır. Onların Afrika, Hindistan və Yaxın Şərqdə yayımı üçün Rusiya mediası ilə müqavilələri var. Bunlar Ukraynaya dəstəyin və Rusiyaya qarşı sanksiyaların məhdud olduğu bölgələrdir. Avropa Komissiyası hazırda peyk provayderlərinin öz xidmətlərini Rusiya Federasiyasından olan müştərilərə satmasının qarşısını almaq üçün qanuni yollar axtarır”, - almaniyalı Avropa Parlamentinin deputatı Qunnar Bek "İzvestiya”ya bildirib.

Onun fikrincə, Rusiya telekanallarının başqa ölkələrə yayımını dayandırmağın yeganə yolu siyasi yollardır. "Sərhədsiz Reportyorlar” təşkilatı bunu Eutelsat-a "Rossiya 1”, "Birinci Kanal” və NTV-nin yayımına icazə verən Fransa media tənzimləyicisi "Arcom”a qarşı məhkəmədə iddia qaldırmaqla hüquqi yolla etməyə çalışır.

Bununla belə, Rusiya telekanallarına məhdudiyyətlərin tərəfdarları azdır. Əsasən bunu Rusiyaya qarşı ənənəvi olaraq ən sərt mövqedə olan dövlətlər - Polşa və Baltikyanı ölkələr dəstəkləyir. Aİ-nin Rusiyaya qarşı qarşıdakı doqquzuncu sanksiyalar paketinə NTV, NTV Mir, Ren TV, Rossiya 1 və Birinci Kanalın yayım lisenziyasının dayandırılması daxildir, Politico sənədlərə istinadən yazır.

Bundan əvvəl Aİ artıq bir sıra telekanallara qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, Rusiya RTR/RTR Planeta (xarici auditoriya üçün "Rossiya 1”-in versiyası), "Rossiya 24”, "TV Center International” və "Russia Today” telekanalları üçün Birliyin ərazisində yayım qadağandır.

Nizami Bağırov