Xəbər lenti

Ailələr niyə dağılır? - RƏY
Ölkə11:28 29.02.2016

Ailələr niyə dağılır? - RƏY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həsən Həsənov
Hüquqşünas

Nikahın pozulması ailənin dağılmasının səbəbi deyil, onun nəticəsidir. Biz necə ki, korrupsiyaya qarşı, onu yaradan səbəblərə qarşı deyil, onun nəticəsinə qarşı mübariuzə aparırıq, eləcə də ailələrin dağılmaması üçün nikahın pozulması hallarının azaldılmasından bəhs edirik, həm də durmadan. Hesab edirəm ki, bu məsələ çoxaspektli məsələdir və müzakirəsi üçün uzun vaxt lazımdır. Amma bəzi məqamlara toxunmaq istərdim.

Nikahın pozulmasına dair işlərdə əksər hallarda ərlə arvadın münasibətlərinin pozulmasından, kəskinləşməsindən söhbət gedir, aralarında olan söz-söhbətin o qədər dərinliyinə enirlər ki, özləri oradan çıxsalar da sən dinləyici kimi qalırsan o quyunun dibində. Və sonra özün-özünə sual verirsən: budur ailə? Yaxud bu nə ailədir? Belə olması vacib idi? Sualların sayını artırmaqda olar. Məsələ burasındadır ki, sənin dinləyici kimi donub qaldığın ən maraqlı məqam ərlə arvadın intim münasibətlərinin üstündəki örpəyin düşməsi anıdır. Bəzən söhbət o qədər ciddi və dərin gedir ki, utanc hissi bir anlıq suyun insanı boğa biləcəyi bir səviyyəyə çıxır.

Belə məhkəmə işləri zamanı rastlaşdığım məqamlardan biri, bəlkə də ən əsas məqamlardan biri qadınların ailə içində hegemonluq etmək istəyindən qaynaqlanır. Bu hal adətən evliliyin altıncı ayından ilk ildönümünə qədər olan zaman kəsimində cərəyan edən ailəiçi hadisələrin inkişafında meydana çıxmağa başlayır. Təsadüfü deyil ki, bu zaman aşımı gənc ailə üçün olduqca həssas və diqqət tələb edən bir dövrdür. Bəzən bu diqqəti görə bilməyən tərəf bunu göstərməyən və ya göstərə bilməyən və ya göstərmək istəməyən tərəfdən inciməyə başlayır. Nəzərə almaq lazımdır ki, adətən inciyən tərəf bir qayda olaraq əksər hallarda qadınlar olur. Lakin bu münasibətlərin nə səbəbdən gəlib bura çıxmasını və ərin arvadını incidə biləcək həddə çatmasını, daha doğrusu onu bu həddə gətirib çıxaran səbəbi çox vaxt cəmiyyət gözardı edir və qınaq prizmalarını elementar baxış bucağından istiqamətləndirirlər.

Qadınlar öz istək və arzularını ailədə normaya çevirmək istəyən andan ailənin dağılması üçün zəmin yaranmağa başlayır.

Bəs nə üçün qadınlar öz istək və arzularını ailədə normaya çevirmək istəyirlər? Bunun səbəbi nədir? Qadınların buna baxışı necədir? Özləri bunun sonunun nə olacağını bilərəkmi bu addımı atırlar? Yaxud əksinə?

Bütün bu sualların cavabını tapmaq üçün ilk öncə qadının nə istədiyini dəqiq bilmək lazımdır. Amma bu heç də o demək deyil ki, qadınların bütün istəkləri adildir və dərhal yerinə yetirilməlidir. Yox təbii ki. Biz cəmiyyət olaraq yaşadığımız mühitin ailə anlayışına təsirini və baxışını birmənalı qəbul etmirik və edə də bilmərik. Təsadüfü deyil ki, son dövrlərdə nikahın pozulması hallarının artması yuxarıda qeyd etdiyimiz amildən asılıdır. Lakin demək olmaz ki, bu yalnız qadınların günahıdır və yalnız qadınlar buna məsuliyyət daşıyır. Əsla belə deyil. Təcrübədə gördüklərim onu deməyə əsas verir ki, ailənin dağılmasında günah payı hər iki tərəfin üzərinə eyni həcmdə düşür. Lakin bəzən günahın bir tərəfin üzərində olduğu hallar da olur ki, bu da sırf yaranmış şəraitlə bilavasitə bağlıdır.

Bu gün nikahın pozulması hallarının artmasının təbii ki, sosial çətinliklərlə də əlaqəsi danılmazdır. Ailə qurduqdan sonra baş qaldırmağa başlayan maddi çətinliklər ailədə xoşagəlməz və gərgin münasibətlərin formalaşmasına səbəb olmaqdadır ki, bu da nəticə etibarı ilə nikahın pozulmasına gətirib çıxarır. Ölkədəki sosial-iqtisadi vəziyyətin çətinliyi davamlı nikah münasibətlərinin yaranmasına əngəl törədir və bu hal ailələrin dağılmasına gətirib çıxarır. Nikahın pozulması hallarının əsas səbəblərindən biri kimi sosial-iqtisadi çətinlikləri qeyd etməmək mümkün deyil.

Bu sadalananlar ailə institunun təməlini sarsıdan amillərin sadəcə az bir hissəsidir. Əgər vaxtında lazımi tədbirlər görülməzsə, yəni qanunvericilikdə mövcud olan boşluqlar aradan qaldırılmazsa, gənc ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər görülməzsə bu gün normal qəbul etdiyimiz nikah pozulmaları gələcək üçün anormal hallar ortaya çıxaracaq. Unutmaq olmaz ki, ailə də kiçik bir dövlətdir...

Qaynar.info