Kembric Universitetinin alimləri onilliklər ərzində demək olar ki, keçilməz hesab olunan material məhdudiyyətini aradan qaldıraraq LED texnologiyalarında mühüm elmi nailiyyət əldə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "BGR” portalı yazır.
Tədqiqatçılar indiyədək elektrik izolyatoru kimi tanınan xüsusi nanohissəcikləri həm elektrik cərəyanı keçirməyə, həm də işıq saçmağa məcbur edə biliblər. Bu isə daha səmərəli və qənaətcil LED qurğularının hazırlanması üçün yeni imkanlar açır.
Söhbət nadir torpaq elementləri əsasında hazırlanan lantanid nanohissəciklərindən gedir. İndiyədək bu materiallardan elektronikada istifadə son dərəcə çətin idi, çünki yüksək gərginlik və ya güclü istilik olmadan elektrik yükü hissəciklərin daxilinə nüfuz edə bilmirdi. Alimlər bu problemi nanohissəciklərin səthini dəyişdirməklə həll ediblər.
Ənənəvi izolyasiyaedici örtük əvəzinə tədqiqatçılar üzvi boya molekullarından istifadə ediblər. Bu molekullar "vasitəçi” rolunu oynayaraq elektrik yükünü qəbul edir və enerjini nanohissəciyin daxilinə ötürür. Nəticədə hissəciklər sabit və olduqca təmiz işıq saçmağa başlayır, əsasən yaxın infraqırmızı diapazonda.
Bu niyə vacibdir?
Yeni texnologiya aşağı gərginliklə işləyən və yüksək şüalanma dəqiqliyinə malik LED-lərin yaradılmasına imkan verir. Bu cür işıq xüsusilə tibbdə — diaqnostika, toxumaların skan edilməsi və portativ sensorlar üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, işlənmənin optik rabitə və enerji baxımından səmərəli elektronika sahəsində də tətbiq oluna biləcəyi bildirilir.
Alimlər vurğulayırlar ki, bu, yalnız ilk mərhələdir. Gələcəkdə bu tip LED-lərin parlaqlığının artırılması və texnologiyanın digər materiallara uyğunlaşdırılması planlaşdırılır.
Əgər bu işlənmə kütləvi istehsal mərhələsinə çatdırılarsa, daha az enerji sərf edən və tətbiq sahələri daha geniş olan yeni nəsil LED qurğularının əsasını qoya bilər.
Aydın
Şərhlər