Almaniya hökuməti yaxın həftələr və aylar ərzində Ukraynaya təxminən 2,7 milyard avro dəyərində daha bir hərbi yardım paketi hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” hökumətdəki mənbələrə istinadən
yazır.
Yeni silahların siyahısı kifayət qədər uzundur. Ukrayna daha 20 "Marder” zirehli transportyoru və 30 "Leopard 1” tankı alacaq. Bundan başqa, 2022-ci ilin sonuna qədər artıq elan edilmiş 18 təkərli haubitsanın da çatdırılması gözlənilir. Həmçinin, federal hökumət daha dörd IRIS-T-SLM hava hücumundan müdafiə sistemi, 12 IRIS-T-SLS buraxılış qurğusu və bu sistem üçün yüzlərlə idarə olunan raket tədarük etməyi planlaşdırır.
Berlin həm də düşmən mövqelərinin kəşfiyyatında Ukraynaya kömək etmək istəyir. 200-ə qədər kəşfiyyat aparatının çatdırılması planlaşdırılır. Həmçinin, ilk növbədə cəbhəyə qoşunların daşınması üçün istifadə olunacaq 100 zirehli döyüş maşınının və 100-dən çox maddi-texniki təminat maşınının təhvil verilməsi planlaşdırılır.
Bu, Almaniyanın 2022-ci ilin fevralında müharibə başlayandan bəri Ukrayna silahlı qüvvələrini gücləndirmək üçün verdiyi ən böyük silah paketidir.
Yeni silah tədarükü ilə federal hökumət iki cəbhəyə diqqət yetirir. Bir tərəfdən, Ukrayna quru qoşunları zirehli transportyorlar və əsas döyüş tankları ilə gücləndirilməlidir. Bundan əlavə, Almaniya Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə modernləşdirmək istəyir.
Nəşrin məlumatına görə, bu paket bazar günü Aaxendə Ukrayna prezidenti Volodimir Zelenskiyə Böyük Karl mükafatının təqdim edilməsi ilə paralel olaraq elan ediləcək - Almaniyanın Ukrayna ilə həmrəyliyinin bariz simvolu kimi. Ola bilsin ki, Zelenski özü də mükafatlandırma mərasimi üçün Almaniyaya gələcək.
Nizami Bağırov
Şərhlər