110 metr sədlərlə qaçış üzrə üçqat dünya çempionu, Tokio 2020 Yay Olimpiya Oyunlarının gümüş medal sahibi amerikalı Qrant Hollovey üç il əvvəl qırdığı rekordu yeniləyib.
Qaynarinfo-nun məlumatına görə, Hollovey bu rekordu fevralın 16-da ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirilmiş qış ölkə çempionatında yeniləyib. O, 60 m sədlərlə məsafəni 7.27 saniyəyə qaçaraq yeni dünya rekordu müəyyənləşdirib. Sprinterin öncəki rekordu isə 7.29 saniyə idi. Qrant həm də 60 m sədlərlə məsafəni indiyə qədər 7.30 saniyədən daha az müddətdə bitirən yeganə atletdir və ümumilikdə üç dəfə belə nəticə göstərib.
İdmançı artıq Şotlandiyanın Qlazqo şəhərində 01-03 mart 2024-cü il tarixində keçiriləcək Qış Dünya Çempionatında iştirak şansı qazandığı üçün, ölkə çempionatının final mərhələsində iştirakdan imtina edib. Bu səbəbdən yarışı 2022-ci ildə Oreqonda keçirilmiş Dünya Çempionatının gümüş mükafatçısı Trey Kanninqhem 7.39 saniyəlik nəticə ilə qazanıb.
Səbuhi Həsənov
Şərhlər