Yorğun, depressiv yazı qova-qova yaşadığım günlərdən biri idi. Dostum, rejissor Elçin Ağazadə zəng elədi.
Elçin sakit və səbirli səs tonu ilə Autizm sindromlu uşaqlarla bağlı bir tədbir keçiriləcəyini, məni də orada görmək istədiyini dedi.
Niyə də yox? Mənimçün də bir dəyişiklik olacaqdı. Günü, saatı, görüşəcəyimiz yeri dəqiqləşdirib sağollaşdıq.
Min il sonra içimdə qəribə bir maraq var idi. Məni ora — o tədbirə çəkənin nə olduğunu bilməsəm də, o enerjini, o qüvvəni hiss edə bilirdim.
Tədbir saat 17:00-da başlayacaqdı. Elə günüm də maraqlı başlamışdı. Maşınımı servisə verdiyim üçün yüz il sonra ilk dəfə metroya düşəsi olmuşdum. Yerin altında həyat yüz il əvvəlki kimi qaynayırdı. Dəyişən bir şey yox idi. Bircə gediş haqqının məbləği dəyişmişdi, vəssalam. "28 May”da adamlarla birgə necə qatara mindimsə, bir də ayıldım ki, bir qaqaşın kürəyinə yapışmışam. Elə qaqaşa demək istəyirdim ki... bir də gördüm, məni içəri salan o kütlə eyni axınla da "Elmlər”də qatardan düşürtdü.
Nəhayət ki, Elçinlə görüşə bildik. Həyəcanından hiss edirəm ki, bu tədbir onun üçün çox dəyərlidir. Mənə çıxışı haqqında danışır, bu sindromla bağlı məlumatlar verir.
Məşhur kitab evlərinin birinə daxil oluruq, bizi təşkilatçılardan biri olan Zivər xanım qarşılayır, Elçinin autizmli uşaqlarla bağlı çəkdiyi film də burada nümayiş olunacaqdı. Yəni dostum o tədbirin dəyərli qonaqlarından biri idi.
Bizə ön sıralarda yer göstərdilər. Elə ilk anlardan ortamın ab-havası, rəngarəngliyi məni yazın depressiv, yorğun halından alıb birbaşa yaya, gözəlliyə, yaşıllığa, rəngarəngliyə apardı. Salonda düzülmüş uşaqların əl işləri, rəsm əsərləri necə də maraqlıydı… Uşaqların özlərinin fərqliliyi, gülüşlərinin məsumluğu, azadlıqlarının sərhədsizliyi içimdə böyük, geniş bir yer açmışdı. Özümü salonda yox, təbiətin tən ortasında, oksigeni bol bir yerdə oturmuş kimi hiss edirdim. Allahın əl işi ilə yaratdığı bəndələrin əl işləri qarşı-qarşıyaydı. Hər ikisi qəribə bir özənlə, fərqli bir toxunuşlarla nələrsə yaratmışdı.
Bu nə möhtəşəmlik!?
Onların gülümsəmələri də, baxışlarının ritmi də, qaşlarının həyəcan təbili çalmağı da bir ayrı gözəl idi.
Sindromlu uşaqların valideynləri, müəllimləri də buradaydı. Deyəsən, mövzuya kənar və tədbirə yad olan təkcə mən idim. Çünki hər kiçik detala heyrətlə baxır, zövq alırdım.
"Bizim dünyamız” adlı tədbir açıq elan olundu. Tədbiri Autizm sindromlu Ayxanla müəllimi Aygün xanım aparırdı. Ayxanın istedadı, nitqinin səlisliyi, özünün kompleksizliyi, davranışı cəmiyyəti ram etmişdi.
Həqiqətən, bu uşaqları tanıdıqca, gördükcə başqa bir aləmə düşürdüm. Paxıllığım tutdu desəm, qınamayın məni.
Ölkənin ən məşhur və istedadlı aktyorları, yazıçıları, iş adamları, siyasətçiləri, məmurları ilə də çalışmışam. Mənim qədər ətrafı, çevrəsi geniş adam çox azdı, bəlkə də. Ancaq heç kimdə bu uşaqlar qədər azadlıq, bunlar qədər genişlik görmədim.
Tədbirin açılışı da özü kimi ayrı idi: "Fərqli fərdlər himni” ilə oldu açılış. Himni bu mükəmməl uşaqlar ifa edirdilər. Nitqi səlis aparıcımız Ayxan qeyd etdi ki, himnin sözləri Leyla Quliyevaya, musiqisi isə Tural Məmmədliyə aiddir. Himnin sözlərində deyildiyi kimi:
"fərqlidir dünyada minlərlə insan,
fərqlilik kimsəyə gəlməsin asan.
Mərhəmət, nəvaziş görsədə bilsən,
Sən də bir möcüzə yaradacaqsan”.
Onlar bu himni ifa edərkən, məncə, özlərinin bir möcüzə olduqlarının fərqindəydilər. Onlar bu dünyanın ən gözəl möcüzələri idilər. Ardınca biri-birindən gözəl rəqslər, ifalar səhnəyə süzülürdü. Getdikcə onların kirlənməmiş, təmiz enerjiləri məni öz qanadlarına alıb göy üzünə qaldırırdı. Daha sonra dostum Elçin Ağazadə, rejissor Elmar Bayramov ilə birgə Autist sindromlu uşaqlarla bağlı çəkdiyi "Uğur böcəyi” adlı filminin treyleri nümayiş olundu. Amerikanın Florida ştatında 15 qəqiqəlik qısa sosial filmlər arasında "Ən Yaxşı Sosial Film” nominasiyasının qalibi olub bizim "Uğur böcəyi”.
Ardınca söz spikerlərə verildi. Burda da bir fərqlilik vardı. Spiker elə valideynlərin özləri idi. Onlar övladlarında bu sindromu necə aşkarladıqlarından, ilk reaksiyalarının nə olduğundan, ətrafın, cəmiyyətin buradakı rolundan danışdılar. Son olaraq Elçin Ağazadə oğlu Əbəlfəzlin də bu sindromun daşıyıcısı olduğunu qeyd edərək onunla bağlı yaşadığı bir neçə hadisəni misal çəkdi:
"Biz valideynlər övladımıza necə yanaşacağıqsa, cəmiyyət də, ətraf mühit də o cür yanaşacaq və qəbullanacaq. Övladlarımıza sahib çıxaq, onlar Allahın bizə əmanətləridir”.
Alqışlarla qarşılanan bu fikirlər uşaqlarda da ruh yüksəkliyi yaratmışdı, bunu hisslərinə, düşüncələrinə yalan hopdurmayan o uşaqların simasından oxumaq olurdu.
Tədbir boyunca dayanmadan dostuma rəqs edən bacı-qardaşı göstərib deyirdim: "O oğlan çoox qəşəngdi axı. Məni onunla tanış elə”.
Tədbirin sonunda dostum məni həmin oğlanın yanına aparıb dedi:
⁃ Salam.
⁃ Salam.
⁃ Bu qızın səndən xoşu gəlir.
⁃ Sağ olsun.
⁃ Səninlə şəkil çəkdirmək istəyir.
⁃ İcazə verirəm.
(Üzümə baxmadan danışırdı. Mənsə gözlərimi ondan çəkmirdim. Bunu necə gözəl bir rəssam çəkmişdi belə, necə belə qüsursuz yaratmışdı).
Dostum çəkdiyi şəkli ona göstərib dedi:
⁃ Bax, gör nə qəşəng düşdünüz?
⁃ Vaaaauuu, bunun saçı yoxuymuş kiiiiii, - deyib ilk dəfə üzümə baxdı. Üçümüz də gülməyə başladıq. Onun bu reaksiyasına bacısı da gəldi.
⁃ Aaaaa, keçəl qızzzz. Məni də çək.
Və o gözəl gündən mənə qalan aldığım göy boyda enerji və bu möhtəşəm fotolar oldu. Evə qayıdanda gözlərim metrodakı o oğlanı axtarırdı, görüm gözümə dəysə, deyim, həkimə gedib ciyərlərini yoxlatsın, yaman xışıldayırdı...
Çinarə Ömray