İstənilən kral ailəsinin üzvü olaraq dünyaya gəlmək, şübhəsiz ki, insanın həyatına təsir edir. Hər şeydən əvvəl, insan hələ doğulduğu ilk gündən etibarən milyonlarla insanın maraqlı baxışlarını üzərində hiss edir. Sonra isə bu maraq ömrü boyu, hətta vəfat etdikdən sonra belə davam edir.
Qaynarinfo xəbər verir ki, Avropanın gələcək kraliçaları nəslinə mənsub şahzadələrdən biri də Şahzadə Estelledir.
İsveçin gələcək kraliçası Viktoriya ilə əri Daniel Vestlinqin iki övladının böyüyü olan Estelle artıq 14 yaşlı yeniyetmədir.
Vaxtı çatanda taxtı anasından təhvil almağa hazırlaşan Estelle buna uyğun şəkildə böyüdülür. O, artıq uzun müddətdir ailəsi ilə qatıldığı tədbirlərdə hamının diqqətini öz üzərinə çəkməyə başlayıb.
Bunun son nümunələrindən biri də ötən günlərdə babası Kral XVI Karl Qustav, nənəsi Kraliça Silvia və anası Şahzadə Viktoriya ilə birlikdə qatıldığı tədbirdə ortaya çıxıb.
Şahzadə Estelle nənəsi Silvianın İsveç kral ailəsinə xidmətinin 50 illiyi münasibətilə təşkil olunan konsertdə iştirak edib. Bu tədbir həm də Estellenin əcdadlarından olan Kraliça Kristinanın anadan olmasının 400-cü ildönümünə həsr olunub.
Drottinqholm sarayında keçirilən konsert üçün Estelle qısa ətəkli və qısaqollu fil sümüyü rəngində paltar geyinib. Saçlarını, adətən etdiyi kimi, başının arxasında toplayan gənc qız yay aylarında gözlərdən uzaq qaldığı müddətdə nə qədər böyüdüyünü də nümayiş etdirib.
Anasının boyunu çoxdan geridə qoyan Estelle hündürdaban ayaqqabı geyinən anasını belə geridə qoyub. Vaxtı çatanda İsveç taxtını anası Viktoriyadan təhvil alacaq Estelle artıq indidən özünə böyük pərəstişkar kütləsi toplayıb.
Estelleni yalnız ölkəsində deyil, dünyanın müxtəlif yerlərində onun hər addımını izləyən yaşıdları da var. Gənc şahzadə ictimaiyyət qarşısındakı davranışları ilə də yüksək qiymətləndirilir.
Əmisi Şahzadə Karl Filipin ən kiçik övladı və yeganə qızı İneslə münasibətləri çox yaxşı olan Estelle bəzən ailəlikcə qatıldıqları tədbirlərdə balaca əmisi qızını anası Sofiyadan alaraq onunla özü maraqlanır.
Estelle qənaətcilliyi ilə də diqqət çəkir. O, tez-tez keçmişdə anasının geyindiyi paltarlarla ictimaiyyət qarşısına çıxır və bununla da rəğbət qazanır.
Aydın
Şərhlər