Amal Abuşov
İdman 15:20 17.10.2022

Azərbaycan Premyer Liqasını kim gözdən salır?

İl olmuş 2022-ci il, 2023-cü ilə sayılı günlər qalıb. Biz nəyə sevinirik? "Kəpəz” Gəncəyə qayıdıb, "Nizami yurdu”nda Misli Premyer Liqasının oyunu keçirilib. Sevinək, əl çalaq. Gəncəli futbolsevərlərin, kluba rəhbərlik edənlərin və AFFA-nın gözü aydın olsun. 

Səlahiyyət sahibləri çox çalışdılar ki, "Neftçi”ylə oyun məhz Gəncədə keçirilsin. İstəklərinə çatdılar. Tez-tələsik bu qarşılaşmaya "tarixi derbi” adını da yapışdırdılar. Görüş də ki, maşallah, əsl derbi ab-havasında keçdi. Qarşılaşmanın gedişində dava da düşdü. Kütləvi dava-dalaş zamanı "Kəpəz”in futbolçusu Zamiq Əliyev "Neftçi”nin legioneri Kenni Sayefə kəllə atmağa da macal tapıb. Görüşün hakimi Tural Qurbanov da fürsəti fövtə verməyib, "Kəpəz”in müdafiəçisini meydandan qovdu. Heç şübhəsiz ki, AFFA İntizam Komitəsi bu birbaşa qırmızı vərəqəyə görə "Kəpəz”ə növbəti pul cəriməsini kəsəcək. Bu yerdə xatırladım ki, "Kəpəz”in nə internet saytı var, nə də avtobusu. Azarkeşləri ianə kampaniyasına cəlb etməyə çalışırlar ki, 100 min manat toplasınlar və komandaya avtobus alsınlar.

100 min manatın toplanmayacağı gün kimi aydın məsələdi. Bu da o deməkdi ki, "Kəpəz” hələ bir müddət "piyada qalacaq”. Dərd təkcə avtobusun olmaması deyil. Gəncə şəhərinin stadionunun vəziyyəti ürəkağrıdıcıdı. Tribunalar qəzalı vəziyyətdədi. Ona görə də Fövqaladə Hallar Nazirliyi mövsümün əvvəlində bu stadionda oyun keçirilməsinə qadağa qoymuşdu. Gənclər və İdman naziri Fərid Qayıbovun Gəncəyə qəfil səfərindən sonra necə oldusa, FHN də "yumşaldı” və "Kəpəz”ə rəqiblərini doğma şəhərdə qəbul etməyə icazə verdilər. Allah bizi Gəncə stadionunda baş verə biləcək hansısa faciədən qorusun.

Stadionu da, avtobusu da bir kənara qoysaq, dərd yenə yarı olmur. "Neftçi”ylə görüşdə əvəzetmələri göstərən tablonun enerjisi qurtarıb, ehtiyat tablo da olmayıb. Belədə 4-cü hakim əvəzetməni əl işarələriylə həyata keçirib. Dünyanın hansı ölkəsində bu səviyyədə futbol çempionatı, belə təşkilatçılıq var? "Neftçi”nin heyətində Gəncə səfərinə 9 əcnəbi futbolçu yollanmışdı. Komandanın rumın çalışdırıcısı Laurentsiu Regekampfı da köməkçiləri ilə bu siyahıya əlavə edəndə, say 10-u ötür. Hələ "Kəpəz”in də heyətində əcnəbilər var. Bu qədər əcnəbi görür ki, Azərbaycanın ən böyük şəhərlərindən birində stadion bərbad, qəzalı vəziyyətdədi. Oranı təmir etmək, yaxud da bu şəhərin adına layiq bir stadion tikmək heç kimin yadına düşmür. 

Bəli, "Kəpəz” Premyer Liqada oynamalıdı, Gəncə Azərbaycan futbolunun elitasında təmsil olunmalıdı. Amma hazırkı vəziyyətdə yox. "Kəpəz”in və Gəncə stadionunun acınacaqlı vəziyyəti Nizami yurdunu da, Azərbaycan futbolunu da gözdən salmaqdı. AFFA hazırlıqsız "Kəpəz”i elitaya gətirməklə Azərbaycan futboluna "ayı xidməti” göstərib. Keçirdiyi 10 oyununun səkkizində məğlubiyyətlə barışan, heyətindəki 9 əcnəbi futbolçuya rəğmən autsayder olan komanda əzəmətli Gəncəyə, böyük tarixi olan "Kəpəz”in ad-sanına yaraşırmı?

İl olub 2022, cənablar. Heç utanırsızmı?

Amal Abuşov