
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 14-də Yasamal rayonu ərazisində "Mercedes" markalı avtomaşının sürücüsü şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində "Gündəlik Bakı" qəzetinin baş redaktoru şəhər sakini Habil Vəliyevə bıçağın dəstəyi ilə üz nahiyəsindən xəsarət yetirib.
Emil Zeynalov Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək, Habil Vəliyevin onu tapança ilə hədələdiyini və qardaşı Rafael Vəliyevin isə bıçaqla ona döş nahiyəsindən xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev Qaynar.info-ya bildirib ki, son günlər Nəsimi rayonunda fəaliyyət göstərən barlardan yazırlar, bu olay da məhz həmin yazılarla bağlıdır: "Bizim üstümüzə gəlmişdilər. On nəfərə yaxın dəstə idi. Bu adamlar Nəsimi rayonunda barlarda çalışan, onları işlədən şəxslərdir. Bizə xəsarət yetiriblər. Ancaq polis həmin dəstəni yaxalayıb. Hazırda cinayət işi açılıb. Mən də aldığım xəsrətlə bağlı həkimə müraciət etmişəm".
Qaynar.info