Texnologiya 14:56 02.12.2022

Azərbaycanda İKT: Kadr problemiylə üz-üzə

(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Müasir dünyamızda informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin və iqtisadiyyatın inkişafına mühüm təsir göstərən vasitələrdən biridir. Hazırda onun əhatə dairəsinə həyatın demək olar ki, bütün sahələri daxildir. 

İKT bütün dünyada olduğu kimi, heç şübhəsiz Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynayır. Son illər Azərbaycan da İKT sahəsində bir sıra uğurlara imza atıb, bəzi proqramlar həyata keçirib. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb. "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və "İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən sənədlər dövlətin İKT-nin inkişafına diqqətlə yanaşdığının göstəricisidir.

Lakin görülən müsbət işlərlə yanaşı, dövrlə ayaqlaşmaq üçün İKT sahəsində daima yeniliklər, islahatlar olmalıdır. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən İKT eksperti Vahid Qasımov bildirir ki, bu sahə üzrə ölkəmizdə mövcud olan və həlli vacib başlıca problem kadr məsələsilə bağlıdır:

"İlk növbədə bu sahə üzrə təhsili gücləndirmək lazımdır. Hazırkı məqamda İKT ilə əlaqədar təhsil verən müəssisələr keyfiyyət göstəricilərinə cavab vermir. Universitetlərdə bu sahə üzrə fakultə və ixtisasların olması kifayət deyil. Bu sahədə imkanlar və mütəxəssislər yox dərəcəsindədir. Ona görə də hazırda İKT üzrə birinci növbədə kadr problemiylə üz-üzəyik. Keyfiyyətli kadrlar, mütəxəssislər isə xarici ölkələrə üz tutur. Yaxşı kadrları itirməkdə davam edirik. Kadr probleminin həlli üçün keyfiyyətli İKT mütəxəssisi hazırlayan müəssisələrin sayını artırmalıyıq”. 
 


Həmsöhbətimizə görə, digər tərəfdən bu sahədə rəqabət mühiti də gücləndirilməlidir: 

"Ciddi azad rəqabət mühiti yaradılmalıdır. Rəqabət mühiti olmadıqda müəssisələr inkişaf edə bilməz. İndi bu sektor əsasən dövlət inhisarındadır. Ən böyük mobil operatorlardan tutmuş, internet provayderlərə qədər əsas pay dövlətə məxsusdur. Ona görə də internetin qiyməti yüksəkdir. 

Dövlət yeni İKT müəssisələrinin yaradılması və olanların daha operativ, effektiv fəaliyyət göstərməsi üçün münbit şərait yaratmalıdır. Müəyyən müddət üçün onlar vergilərdən azad olunmalı, investisiyalara açıq olmalıdırlar. İndiki halda isə bu istiqamətdə heç bir iş görülmür. "Azərsu”, AZAL kimi müəssisələrə milyonlarla manat dövlət investisiyası yatırıldığı halda, İKT müəssisələrinə bu məsələdə ögey münasibət bəslənilir. Bu sahəyə xarici investisiyanın cəlbi də mümkün deyil. Çünki mövcud qanunvericilik bazası İKT sahəsinə yatırım edən xarici investorlar üçün sərfəli deyil. 

Son zamanlar Rusiyadakı çoxsaylı peşəkar İKT mütəxəssisi qonşu ölkələrə üz tutur ki, bəzi ölkələr də ondan faydalanır. Ermənistan, Qazaxıstan belə ölkələrdəndir. Kadr problemilə üz-üzə qalan Azərbaycan isə təəssüf ki, hələlik bu imkandan da yararlanmır. Sadaladığım bu kimi problemlər öz həllini taparsa, ölkəmizdə İKT sahəsi daha yüksək inkişafa qədəm qoya bilər”.

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.