Xəbər lenti

Ekonomiks 11:44 18.11.2023

"Azərbaycanın potensialı ildə 25 milyon ton yükün daşınmasına hesablanıb" - Ekspert

"Vahid tarif və yaşıl koridorlar sistemi qurulduqdan sonra, Azərbaycan öz ərazisindən keçən yükdaşıma həcmini 3-4 dəfə artıra bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Orta Dəhliz ölkələri arasında imzalanması gözlənilən "Çərçivə sazişi”nin əhəmiyyətini şərh edərkən deyib.
 
"Koridorlar, sürətli keçidlərin təmin olunması tranzit üçün ən vacib məsələdir. Bu mənada Orta Dəhliz layihəsində iştirak edən ölkələrin, yük göndərən və yük alanların əsas gözləntiləri ümumi tarif sistemilə yaşıl koridorların yaradılmasıdır. Azərbaycanın da burada marağı var. Orta Dəhlizə qoşulan bütün ölkələr eyni tarifə keçsə və yükdaşımalarda sürətli keçidin təmin olunması protokolları imzalansa, bu məhz həmin koridordan istifadə etmək istəyən yük göndərənlər üçün stimula çevriləcək", deyə Natiq Cəfərli qeyd edib.

Ekspert bildirib ki, protokol gələn il ərzində imzalanarsa, bu Azərbaycan üzərindən də yükdaşımaların ciddi şəkildə artmasına səbəb ola bilər:



"Hazırda yükdaşımalarda hər il orta hesabla 15-20 faizlik artım qeydə alınır. Amma bu yetərli deyil. Azərbaycanın potensialı ildə təxminən 25 milyon ton yükün daşınmasına hesablanıb. İndi isə bu rəqəm 7-8 milyon ton civarəndadır. Beləliklə, Azərbaycan 3-4 dəfə öz ərazisindən keçən yükdaşıma həcmini artıra bilər. Amma bunun üçün vahid tarif sistemi və yaşıl keçidlər sistemi qurulmalıdır. Ümid edək ki, yaxın aylarda bu məsələ öz həllini tam olaraq tapacaq".

Qeyd edək ki, bu il martın 15-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu "Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib. Orta Dəhliz boyu "Bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri iştirak edib. 

Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov isə bu günlərdə bildirib ki, Orta Dəhliz ölkələrinin imzaladığı protokola uyğun olaraq "Çərçivə sazişi" artıq hazırlanıb və aidiyyəti ölkələrə imzalanması üçün göndəriləcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->