Ölkə 17:27 06.03.2023

Azərbaycanın su ehtiyatları azalacaq, hətta vəziyyət o həddə çatacaq ki...

"20 ildir deyirəm ki, Azərbaycanın su ehtiyatları azalacaq, hətta vəziyyət o həddə çatacaq ki, evlərdə suya həsrət qalacağıq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında "Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev Azərbaycanı gözləyən su qıtlığından danışarkən deyib. Ekoloq yaranan mənzərənin çox ciddi olduğunu qeyd edib:

"Dəfələrlə izah etmişəm ki, Azərbaycan su ehtiyatlarına görə, Cənubi Qafqazda sonuncu yeri tutur. Hamı bilir ki, su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistan, 10%-i isə bizim payımıza düşür. Dünyada baş verən qlobal istiləşmə daha qabarıq şəkildə büruzə verir. Su ehtiyatları əsas dağlardadır. Dağlarda qar yağır, yağıntı çox düşürdü. İndi yağıntılar da azalıb. Bütün bunlar dağ çaylarını qidalandıran mənbələr idi və onlarda da sululuq aşağı düşüb. Havaların da quraqlıq keçməsi və buxarlanmanın yağıntıdan 2,7 dəfə çox olması su qıtlığına gətirəcək”.

Xosrov Musayev suya ehtiyacın çoxaldığını vurğulayıb:
 


"Əhalinin sayı artır. Su ehtiyyatları azalır, əsas məsələ suyun idarə olunmasında da problem var. Su itkisi çoxdur, sudan qənaətlə istifadə eləmirik. İtki bəzi yerlərdə 40%-di, bəzi yerlərdə 70%. Sahələr şirin su ilə suvarılır, pis də nəticə odur ki, bir tərəfdən su azdır, ikinci tərəfdən idarəolunmada problemlər var. Biz pilot tipli, damcı suvarma sisteminə keçməliyik ki, sudan qənaətlə istifadə edək. Təəssüflər olsun ki, kənd təsərrüfatında selləmə sulardan istifadə olunur. Bu da torpağın qida maddələrini yuyub aşağı qata  aparır, orada isə qurunt suyu ilə birləşərək təkrar şorlaşma əmələ gətirir”.

Xosrov Musayev Azərbaycan üçün açınacaqlı problemin olacağını diqqətə çatdırıb. 

Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova xeyli zamandır ki, bu barədə danışıldığını bildirib:

"Nazirlik bununla bağlı dəfələrlə məlumat verib”.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti İradə Hüseynova Milli Məclisdə keçirilən TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında çıxış edib və bildirib ki, Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq:

"Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”- deyə bildirib.

Bahar Rüstəmli