Xəbər lenti

Azərbaycanın tanınmış veteran futbolçusu: “Bacardığım işdə çalışmaq istəyirəm”
İdman 15:30 31.10.2023

Azərbaycanın tanınmış veteran futbolçusu: “Bacardığım işdə çalışmaq istəyirəm”

Azərbaycanın tanınmış veteran futbolçularından olan Mahir Şükürov Premyer Liqanın davamiyyəti haqda təəssüratlarını bölüşüb. 

 O, Qaynarinfo-ya açıqlamasında son vaxtlar sürpriz nəticələrin qeydə alındığı turlar, həmçinin klubların durumu və perspektivi haqda gözləntilərini açıqlayıb:

"Həqiqətən də çempionat çoxdandır belə maraqlı keçmirdi. Həmişə düşünürdük ki, "Qarabağ” birinci pillədə yer alacaq, arxasınca "Neftçi” və "Zirə” gedəcək.  Amma "Araz-Naxçıvan” çempionatda yeni nəfəsdir. O cümlədən "Səbail” çempionatda həm intriqa, həm də maraq yaratdı. Digər rəqiblər də avrokuboklara getmək istədiklərini göstərirlər. "Neftçi”də baş məşqçi dəyişikliyi oldu, "Qarabağ”da futbolçu çatışmazlığı var. Həm də "Bayer”ə məğlubiyyətdən sonra istər-istəməz psixoloji yorğunluq yaranıb. 1:5 uduzdular. Fikrimcə, "Qarabağ”a yaxşı oyunçular gətirəcəklər”.

Maraqlıdır, Mahir çıxışı ilə futbol ictimaiyyətinin diqqət mərkəzinə düşən "Araz-Naxçıvan”ın bu performansını təsadüf, bəxt amili ilə bağlayır, yoxsa həqiqətən də mövsümün sonunda komandanın yaxşı nəticələr əldə edəcəyini gözləyir?

"Təsadüf" deməyək, çünki komanda əziyyət çəkib, qələbə qazanıb. Oyuna baxdım, "Qarabağ”a qarşı yaxşı oynadılar. Rəqibin ad-sanından qorxmadılar. Demirəm, "Qarabağ”dan yaxşı oynadılar. Sadəcə, əllərinə düşən şansdan vaxtında istifadə etdilər. Bəxt amilinin də müəyyən mənada rol oynadığını demək mümkündür. Bilirsiniz necədir? Məsələn, "Qarabağ” kimi güclü rəqiblərə qarşı oyunlarda əlinə cəmi iki-üç qol imkanı düşə bilər. Ona görə də əlinə düşən şansları 100 faiz dəyərləndirməlisən. "Araz-Naxçıvan”da belə etdi. "Qarabağ” hesabı bərabərləşdirmək üçün irəli atıldı. Nəticədə "Araz-Naxçıvan” əks-hücumda ikinci qolu vurdu. Çempionat uzundur, mənə elə gəlir ki, hər şey öz yerini tutacaq, yenə də "Qarabağ” çempion olacaq, "Neftçi” ikinci yeri tutacaq. Üçüncü yer uğrunda mübarizə fikrimcə, dörd komanda - "Zirə”, "Araz-Naxçıvan”, "Sabah” və Səbail” arasında gedəcək. Bu komandaların büdcəsi bir-birinə yaxındır. "Qarabağ”dakı, "Neftçi”dəki kimi çox pul xərcləmirlər. Ona görə də üçüncü pillə uğrunda mübarizə aparacaqlar. Hamı gözləyirdi ki, "Sabah” bu mövsüm çempionluq uğrunda mübarizə aparacaq. Çünki keçən il "Qarabağ”a başağrısl yaradan komanda təkcə "Sabah” idi. Nədənsə, eniş yaşadılar. Konfrans Liqasındakı oyunlardan sonra ola bilər ki, futbolçularda arxayınlıq yarandı. Çempionat başladı, ardıcıl bir neçə məğlubiyyət onlarda təzyiq yaratdı. Ona görə də özlərinə gələ bilmirlər. Srağagün "Sabah” səfərdə "Neftçi”ni məğlub etdi. Komanda yavaş-yavaş səhvləri başa düşür və analiz edir. Ola bilsin, əsas güclərini kuboka versinlər. Qış fasiləsinə qədər komandaların arasında fərq çox olsa, artıq kuboka, yoxsa Premyer Liqaya güc qoyacaqlarını düşünəcəklər”.

Şükürov sabiq komandası "Neftçi”nin çıxışına da toxunub:

"Neftçi”də çox şey dəyişdi. Klub yenilənib. Ancaq dəyişməli çox şey var. Heç olmasa qışa qədər zaman vermək lazımdır ki, komanda normal yerdə məskunlaşsın. İnanıram ki, yeni rəhbərlik komandanı bataqlıqdan çıxaracaq. Azərbaycan çempionatı nə İngiltərə Premyer Liqası, nə İtaliya A Seriyasıdır ki, burada hansısa çətinlikdən danışasan. Bu gün ölkədə büdcəsi və şəraiti ilə fərqlənən bir "Qarabağ”dır. Amma bu gün görürük ki, "Qarabağ” evdə "Araz-Naxçıvan”a uduzur. Ona görə də bilmək olmur nə baş verəcək. Əsas odur ki, komanda qışa qədər özündən yuxarıdakı rəqiblərlə arada az fərq saxlamalıdır. Belədə fasilədə əskikləri düzəldə bilərsən. Təlim-məşq toplanışında komandanı formalaşdırıb çempionluğa oynamaq mümkündür”.

Veteran müdafiəçi hazırda turnir cədvəlinin birinci pilləsində  olan "Zirə”nin sona qədər belə davam edəcəyinə inanmadığını deyir:

"Zirə” çox zaman çempionata başlayanda ilk pillələrdə gedir. Sona yaxın görünür ki, enib aşağı. "CBC Sport”da futbolla bağlı aparılan analizlərə baxıram. Deyirlər ki, "Araz-Naxçıvan” "Zirə”dən daha yaxşı futbol oynayır. Mən də müvəqqəti olduğunu düşünürəm. Çünüki "Zirə”nin əksər oyunlarında az qol vurulur. Çətinliklə qələbə qazanırlar. Komandada hücumçu problemi var. Birinci yerdə gedən komanda üçün az qol vurulub. Böyük hesab görməmişik. Minimum hesablarla qələbə qazanır”.

Şəxsi planları haqda da danışan Şükürov Türkiyədən yenicə qayıtdığını və Azərbaycandan təkliflər aldığını dedi:

"Türkiyədən yenicə gəlmişəm. İşlə əlqaədar gəlmişəm. Həmişə təkliflər olur. Sadəcə, öz bacardığım işdə çalışmaq istəyirəm. Hələ ki, Azərbaycandayam. Tez-tez Türkiyəyə gedib-gəlirəm. Təkliflər barəsində heç nə demək istəmirəm. AFFA-nın baş katibi Sərxan Hacıyevlə yaxşı dost münasibətlərim var. Hər şey ola bilər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->