Azercell Telecom” MMC noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edərək davamlı və dayanıqlı inkişafa, ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha nümayiş etdirir. COP29-la tərəfdaşlıq çərçivəsində şirkət dayanıqlılıq strategiyasını gücləndirməklə yanaşı, daha yaşıl gələcək üçün yeni əməkdaşlıqların qurulmasını hədəfləyir.
"Azercell Telecom”un prezidenti Zərinə Zeynalova şirkətin cəmiyyət və ətraf mühit qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti vurğuladı: "Azercell Telecom" ölkəmizin lider mobil operatoru və rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biridir. Şirkətimiz ölkə boyu tətbiq etdiyi ekoloji cəhətdən təmiz texnologiyalar və bərpa olunan enerji həlləri vasitəsilə ətraf mühitə təsirini minimuma endirməyə çalışır. İqlim dəyişikliyinə qarşı mübarizə səylərini dəstəkləməklə biz korporativ idarəetmədə yeni standartlar da müəyyən edirik. Birlikdə daha dayanıqlı və yaşıl gələcək üçün zəmin yarada biləcəyimizə inanıram”.
"COP29 Azərbaycan"ın İdarə Heyətinin sədri Nərmin Carçalova "Azercell Telecon"un təcrübəsinin bu tədbirin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib: "Azercell Telecom" ölkəmizdə ən böyük bazar payına sahib mobil operator kimi telekommunikasiya məkanında böyük nüfuza malikdir. Hər zaman ölkəmizə innovativ texnoloji yenilikləri gətirən "Azercell Telecom" COP29-da sosial yönümlü layihələrini, xüsusilə də iqlim fəaliyyəti ilə bağlı həyata keçirdiyi təşəbbüsləri nümayiş etdirmək imkanı əldə edəcək”.
"Azercell Telecom"un dayanıqlılıq siyasəti müxtəlif ekoloji təşəbbüslər vasitəsilə karbon emissiyalarının azaldılması, enerjidən istifadənin optimallaşdırılması, su və yanacaq səmərəliliyinin artırılmasına yönəlib. Şirkət 2017-ci ildən etibarən ölkə ərazisində günəş enerjisi ilə işləyən baza stansiyalarının tətbiqinə başlayıb. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyası fəaliyyət göstərir və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Həmçinin "Azercell Telecom" bir sıra qlobal iqlim təşəbbüslərini də dəstəkləyir. Belə ki, BMT-nin Qlobal Sazişinə və GSMA-nın İqlim Fəaliyyəti İşçi Qrupuna qoşulmaqla "Azercell Telecom" digər bazar iştirakçılarını da ətraf mühitlə bağlı səylərini gücləndirməyə təşviq edir. Bu il "Azercell Telecom" ictimaiyyətə ilk ESG hesabatını da təqdim edib.
10 gün davam edəcək tədbir zamanı "Azercell Telecom" COP29-un keçiriləcəyi məkanda konfrans iştirakçılarını kəsintisiz telekommunikasiya xidmətləri ilə təmin edəcək.
Şərhlər