Bakının Yasamal rayonundakı yaşayış binalarından biri 21 ildir balansa alınmayıb. Söhbət Yeni Yasamal 2, 12 saylı binadan gedir.
1993-cü ildən sakinlərin istifadəsinə verilən binanın, bir müddət sonra balansa alınmadığı məlum olub. Sözügedən 9 mərtəbəli bina Bakı Baş Tikinti idarəsinin işçiləri üçün həmin idarə tərəfindən inşa olunub. İndi burada yaşayan sakinlər hər gün bir qapını döyərək, mənzillərinə qeydiyyat vəsiqəsinin verilməsini tələb etsələr də bu istəklərinə cavab tapa bilmirlər.
Şikayətçilər deyir, bina balansa alınmadığından burda istilik sistemi də yoxdur. Müraciət edəndə də, sizin bina balansda deyil - deyirlər. Binanın təhvil verilməməsi sakinlərə bir çox problemlər yaradır.
Maraqlıdır ki, ANS əməkdaşları çəkiliş aparan zaman 81 sakindən təxminən 30-a yaxınının qeydiyat vəsiqəsi aldığı da məlum olub.
Şikayətçilərin narazılığını Yasamal rayon icra hakimiyyətinə çatdırılsa da buradan bildirdilər ki, həmin binanın balansda olmadığından xəbərdardırlar. Həmçinin bu işlə Bakı şəhər icra hakimiyyətində məşğul olunduğu bildirilib.
Bakı şəhər icra hakimiyətində problemi dinləsələr də onun niyə həll olunmadığı və bu sahədə hansı işlərin görüldüyü barədə həmişəki kimi cavab vermədilər. Odur ki, sakinlərin evlərində özlərini yad adam kimi hiss etmələri deyəsən hələ çox çəkəcək.