Ölkə 21:33 22.09.2023

Bakıda belinə silah taxdı, Şəhidlər Xiyabanını ziyarətə getdi - Həbs olundu

Bakıda belinə silah taxıb, Şəhidlər Xiyabanını ziyarət etməyə gedən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 28 yanvar 2023-cü ildə polisə Cabir Cabbarov (ad-soyad şərti) adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi və mütəmadi olaraq "İçərişəhər” metrostansiyası yaxınlığında olması barədə məlumatı daxil olub. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, odlu silahın və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

1972-ci ildə Bakı şəhərində anadan olmuş Cabir Cabbarov Şəhidlər Xiyabanını ziyarət etmək üçün gedən zaman Səbail rayonu, A.Nəsirov küçəsi 5 saylı ünvanın qarşısında saxlanılıb. O, bu zaman şalvarının bel nahiyyəsinə taxdığı "Makarov” tipli tapançanı və həmin tapançanın içərisində 3 ədəd patron olan 1 ədəd darağı çıxarıb polis əməkdaşlarına təqdim edib.

Cabir Cabbarov tapança və hissələri təxminən 1 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində "Stansiya” adlanan ərazidən tapdığını, heç bir məqsədi olmadan, yalnız maraq üçün üzərində saxladığını bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Əhməd