İdman 11:58 02.04.2024

"Barselona"nın futbolçusu azarkeşlə dalaşdı (VİDEO)

"Barselona"nın futbolçusu İniqo Martinez azarkeşlərlə sərt mübahisə edib.

Qaynarinfo-nun məlumatına görə, xoşagəlməz hal futbolçu məşqdən çıxıb evinə qayıdan zaman baş verib. Mərkəz müdafiəçisi məşqdən qayıdarkən gənc azarkeşlərdən biri onu təhqir edib. Onların mübahisələri başqa bir azarkeş tərəfindən lentə alınıb. "Barselona"nın məşq keçdiyi "Ciudad Deportiva" təlim mərkəzinin qapısında təxribata əl atan gənc, Martinezi əsəbiləşdirməyi bacarıb. 

Futbolçu avtomobilindən enib azarkeşə yaxınlaşaraq xəbərdarlıq edib: "Mənə axmaq deməyin axırıncı dəfə olsun, eşitdinmi? Məni təhqir etməyin axırıncı dəfə olsun. Dostun da ötən dəfə məni eyni cür təhqir etmişdi. Sizə xəbərdarlıq edirəm. Təkəbbürlü olmayın, məni də Allahdan küdürməyin".

Onların mübahisələri dava ilə nəticələnməsə də aralarında sərt dialoq olub. 

Hər gün "Ciudad Deportiva"nın qapısına sosial şəbəkələrdə "like" və reytinq qazandıracaq video axtarışına gələnlər çox olur. Oyunçular həmin yerdə təhqir və hörmətsizlik gördüklərini bildirirlər. Ora gələnlərin əksəriyyəti məşhur futbolçulardan köynəkləri və ya hansısa kağızlar üzərinə avtoqraf yazmağı xahiş edirlər. Daha sonra həmin əşyaları onlayn formada satırlar.

Mövsümün əvvəlində Joao Kanselo artıq bəzi azarkeşləri hər gün orada olduqları üçün "zərərvericilər" adlandırıb. Futbolçu sosial şəbəkə səhifəsində izah edib ki, məşqdə və ya ailələri ilə şam yeməyinə çıxanda sonradan satmaq üçün köynəklərə avtoqraf atdırmaq niyyəti ilə onları təqib edirlər. O, "Əvvəla, onlar fanat deyillər, istər təlim mərkəzinin qapısında, istərsə də qızımla parkda olanda və ya sadə bir şam yeməyində hər gün orada olan 20 yaşlı "uşaqlardır” - sözlərini yazıb.

Səbuhi Həsənov