Dünya 12:59 19.09.2022

Bayden: “Mən prezident Sini təhdid etmək üçün zəng etməmişəm...”

Çin sanksiyaları pozsa və Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsini dəstəkləsə, ABŞ və Aİ investisiyalarını itirəcək. ABŞ prezidenti Co Bayden hərbi münaqişə başlayandan sonra Çin prezidenti Si Szinpinə bu barədə xəbərdarlıq edib.

"Mən prezident Sini təhdid etmək üçün zəng etməmişəm, sadəcə ona demişəm ki, "əgər amerikalıların və başqalarının Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozduğunuz üçün Çinə investisiya qoymağa davam edəcəyimizi düşünürsünüzsə, məncə, böyük səhv edirsiniz, amma bu, sizin qərarınızdır", - deyə Bayden CBS-nin "60 dəqiqə” proqramına müsahibəsində bildirib.

"Bloomberg”in məlumatına görə, iki ölkə liderləri arasında söhbət mart ayında baş tuta bilər. Altı aydan sonra Çindən Rusiyaya maddi dəstəkdən əsər-əlamət yoxdur. "Hələlik onların Rusiyaya lazım olan silah və ya başqa şeylər təklif etdiyinə dair heç bir əlamət yoxdur", - Bayden deyib.

Bununla belə, Ağ Ev Asiya ölkələrindən yarımkeçirici tədarükündən asılılığı azaltmaq üçün addımlar atıb və ABŞ-da xarici investisiyalara nəzarəti gücləndirib. Bu, Çinlə iqtisadi əlaqələrin gərginləşməsi ilə nəticələnib.

Ötən həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Si Szinpin və Hindistanın baş naziri Narendra Modi Ukraynadakı müharibədən narahat olduqlarını bildiriblər. "Biz sizin suallarınızı və bu məsələ ilə bağlı narahatlığınızı başa düşürük", - Rusiya prezidenti Vladimir Putin Si Szinpinlə görüşdə deyib.

"İndiki dövr müharibələr dövrü deyil və mən bu barədə sizinlə telefonla danışmışam", - Modi Putini qınayıb. Bundan sonra Rusiya prezidenti "bunun mümkün qədər tez dayandırılması üçün hər şeyi edəcəyini" vəd verib.

Çin və Hindistan liderlərinin bəyanatları Rusiyanın şərq tərəfdaşlarının qıcıqlandığına dair "əsl və aydın siqnaldır", yüksək rütbəli avropalı rəsmi "Financial Times”a bildirib.
 
Digər üç mənbə bildirir ki, Pekin və Yeni Dehli Moskva ilə təmasda diskomfort hiss etməyə başlayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, Putin "özünü beynəlxalq ictimaiyyətdən daha çox təcrid edir”.

"Hətta onun əleyhinə yüksək səslə və şiddətlə danışmayan ölkələr də onun Ukraynada nə etdiyi ilə maraqlanmağa başlayırlar", - Kirbi deyib.

Nizami Bağırov