Dünya 18:18 17.01.2024

Belçika Rusiyanın 280 milyardlıq aktivlərinin müsadirəsi üçün aydın mexanizm istəyir

Belçika Rusiya Mərkəzi Bankının 280 milyard avro dəyərində dondurulmuş aktivlərinin müsadirə edilməsinə qarşı deyil, lakin bunun üçün aydın mexanizm olmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr de Kroo "Reuters"ə müsahibəsinə deyib.

De Kroo Davosda bildirib ki, Belçika aktivlərlə nə edəcəyini və onlara olan faizləri müzakirə etməyə hazırdır.

"Biz aktivlərin müsadirəsinə "yox" demirik. Amma biz mexanizm işləməliyik. Məsələn, onlar Ukraynaya vəsait cəlb etmək üçün girov kimi istifadə oluna bilər", - o deyib.

Belçikanın Baş nazirinin sözlərinə görə, maliyyə sabitliyi pozula bilər. Belə ki, Mərkəzi banklar tez-tez aktivlərini bir-birlərin banklarında saxlayrlar. 

"Biz əlavə müzakirələrə açığıq və qlobal maliyyə sistemini sabitliyi pozmadan Ukraynaya bu transferlər üçün hüquqi bazanın tapılması məsələsinin həllində iştirak etməyə hazırıq”, - deyə baş nazir bildirib.

Aktivlərin ən böyük payı - Rusiya Mərkəzi bankının investisiya etdiyi qiymətli kağızlar Brüsseldə yerləşən Euroclear depozitariasında dondurulub.

Onun sözlərinə görə, bəzi qiymətli kağızların ödəmə tarixi var və ona görə də nağd pula çevrilir. Bu əməliyyat 25% dərəcəsi ilə vergiyə cəlb edilir.

"Əgər vergi tutulan gəlir varsa, biz onu təcrid edirik ki, o, Ukraynaya verilə bilsin”, - De Kroo bildirib. Onun sözlərinə görə, dondurulmuş aktivlərə vergi 2023-cü ildə təxminən 1,3 milyard avro təşkil edib, 2024-cü ildə isə bu, təxminən 1,7 milyard avro təşkil edəcək.

Bundan əvvəl məlum olub ki, ABŞ G7 ölkələrinə Rusiyanın dondurulmuş aktivlərinin 300 milyard dollarını Ukraynanın xeyrinə müsadirə etməyi təklif edib. Onlar Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə qədər müvafiq planı razılaşdırmaq istəyirlər.

Nizami Bağırov