Müharibə başlayandan
içimdəki boşluğa yer tapa bilmirəm. Özümü gah döyüş bölgəsində, gah da hansısa
hərbi hissədə tapıram. Yetər ki, bir qatqı olsun, yetər ki, bir köməyim dəysin.
Bu günlərdə "X” rayonunun hospitalına getmişdim. Risk edib içəri girə
bilmirdim. Həyətdəki oturacaqda oturdum.
80-85 yaşlarında bir
nənə hospitalın həyətini süpürürdü. Süpürdüyü zibili səliqəylə toplayıb
atdıqdan sonra gəlib yanımda oturdu. Su təklif etdim.
- Suycan ömrün olsun,
bala, - deyib aldı.
- Nənə, burda çoxdan
işləyirsiz?
- Müharibə
başdıyannan, a bala.
- Nə qədər maaş
alırsınız?
- Bııy, Allah səni
güldürsün. Nə maaşı? Mən süpürgəçi dəyiləm haa. (Başındakı örpəyinin bir ucunu
ağzına tutub güldü). Mən belə özxoşuma gəlirəm burda yatan balalarıma qulluq edəm.
Əlimdən bu gəlir də, süpürürəm ki, balalarım təmiz yerdə gəzsin.
Birdən şəhərdə
tanıdığım bəzi adamlar gəldi xəyalıma. İlahi onlar necə bir zövqdən, necə bir ali
mərtəbədən məhrumdurlar...
Hospitalın elə ilk mərtəbəsinə
daxil olanda elə bil birdən-birə müharibə filiminin içinə düşürsən. Nərdivanlara
qədər yaralı əsgərlər, qışqırıq, inilti. Yemək qazanları ilə gələn kənd
adamları...
Əslində bu gəlişimin səbəbi
vardı. Ordaki tanış həkimlə danışanda nəyə ehtiyac olduğunu soruşmuşdum, o da
bir əsgərimizin ayağını bərkitmək üçün "mil"lərdən ibarət qəribə bir
dəmirin lazım olduğunu və onu heç cür tapa bilmədiklərini demişdi. Dostların
sayəsində yığılan pulla - 1500 manata onu alıb aparmışdım.
Həkimi yaralıların
otağında tapdım. Ayaqüstü bir az söhbətləşdik, istədiyini təhvil verəndə uşaq
kimi elə sevindi ki! Elə bil öz ayağı xilas olacaqdı... Məni belə unudub həmən əsgərin
yatdığı otağa götürüldü.
Bayaqdan dayanmadan
qışqıran bir oğlan vardı. Səbəbini soruşdum. Dedilər, başından kontuziya alıb.
Çarpayısının ayaq tərəfindəki üstü yazılı kağızı oxudum: Rəşidzadə Oruc Qudrət
oglu. 06.26 .2000.
Qubadlı rayon Xələc kənd
sakini.
Bu yaşda qazi olar?
Oruc plemyotçudur,
müharibədən öncə hərbi xidmət dövründə bir neçə təltifnamə, təşəkkürnamə ilə
dönüb evə. Müharibə başlayanda isə anasının və körpə bacısının son ümid yeri
olmasına baxmayaraq, "cəbhədə mənim kimi işini bilən kadrlara daha çox
ehtiyac var" deyərək, könüllü hərbi xidmətə yollanıb. Orucun özü
ağrıların, düşdüyü hadisənin şokundan danışa bilməsə də, otaqda onu tanıyanlar
deyir ki, bütün döyüşlərdə öndə gedənlərdən olub. Mərd, qeyrətli, dostu darda
qoymayan, hamıya görə ölümü gözə alan olub. Ona görə düşmənin onu ələ keçirmək,
məhv etmək arzusu daha çoxuymuş.
Bu günlərdə Laçın dəhlizi
uğurunda gedən döyüşlərdə Oruc yoldaşları ilə birgə üç silah-sursat dolu
maşınla döyüş bölgəsinə yollanırmış. Ortada gedən maşındaymış oruc. Hansı ki,
düşmənin hədəfə aldığı maşın da məhz o maşınmış.
Təsəvvür edin,
silah-sursat dolu maşını hədəfə almaq nə deməkdir və o partlayışın içindən sağ
çıxmaq nə...
O partlayışla o
maşının içindən heç kimin sağ çıxmayacağından əmin olan digər iki maşın hədəfə
tuş gəlməmək üçün sürətlərini artırıb uzaqlaşıblar hadisə yerindən.
Ancaq demək ki, onun
missiyası bitməyib hələ! Oruc o maşından sağ çıxıb. Və o halı ilə sürünərək neçə
kilometr yol gəlir, özünü əsgərlərimizin görə biləcəyi yerə qədər gətirir.
Hadisənin şokundan
tanış həkimin sevinclə "Çinarə, kömək etdiyin əsgərin valideyinləri səni görmək
istəyir", - deməsi ayıltdı məni.
- Orucun nəyi var?
Sağalacaq?
- Ağır kontuziya
alıb, qulaq pərdələri cırılıb, boynunu, ayaqlarını hiss eləmir. Amma o
partlayışdan sağ çıxardan burdan da sağ çıxarar.
- Bəs niyə?..
- Ağrılar... Belə həssas
yanaşsan, ölərsən ki sən. Gəl gedək, səni görmək istəyənlər var.
Otaqdan çıxıram,
ancaq dəhlizin ortasında fikrimi dəyişirəm. Otağa geri dönüb Orucun fotosunu çəkirəm.
Əli ilə məni çağırır.
- Paylaşma, hərbi
qaydalara ziddir...
Bir adam həyatını
itirmək üzrəykən belə hərbi qaydalara riayət edirsə, niyə də bu ordu qalib gəlməsin
axı?..
Çinarə Ömray
Şərhlər