Boşanmadan sonra ən çox yaranan mübahisələrdən biri də nikah dövründə əldə edilmiş ev, avtomobil və digər əmlakın bölünməsi ilə bağlı olur. Xüsusilə əmlakın yalnız bir tərəfin adına rəsmiləşdirilməsi digər tərəfdə hüququnun olub-olmaması ilə bağlı suallar yaradır. Azərbaycan qanunvericiliyi isə belə hallarda ər-arvadın ümumi əmlakının hansı qaydada bölünəcəyini dəqiq müəyyənləşdirir.
Qaynarinfo Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, ər-arvadın ümumi əmlakı nikah dövründə, nikah pozulduqdan sonra tərəflərdən birinin tələbi ilə, həmçinin kreditorun ər-arvadın ümumi əmlakında olan borclu tərəfin payına yönəlmiş tələbi olduqda bölünə bilər.
Əmlak bölgüsü Məcəllənin 36-cı maddəsinin müddəaları əsasında həyata keçirilir.
Qanunvericiliyə görə, ər-arvad ümumi əmlakı qarşılıqlı razılıq əsasında da bölə bilər. Tərəflərin istəyi olarsa, bu razılaşma notariat qaydasında təsdiqlənə bilər.
Əgər tərəflər arasında razılıq əldə olunmazsa, ümumi əmlakın bölünməsi və həmin əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir.
Məhkəmə əmlakı bölərkən tərəflərin tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Əgər tərəflərdən birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verilərsə, bunun əvəzində digər tərəfə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
Qanun bəzi hallarda nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak hesab edilməməsinə də imkan verir. Belə ki, ər-arvad ailə münasibətlərinə faktiki xitam verdikdən və ayrı yaşamağa başladıqdan sonra onların hər birinin əldə etdiyi əmlak məhkəmə tərəfindən həmin şəxsin şəxsi mülkiyyəti kimi qiymətləndirilə bilər.
Yetkinlik yaşına çatmayan uşaqların mənafeyi də qanunla qorunur. Uşaqların gündəlik tələbatı üçün alınmış geyim, ayaqqabı, məktəb və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və digər əşyalar bölünmür, onların dəyərinə görə kompensasiya ödənilmir və həmin əşyalar uşaqlarla birlikdə yaşayan valideynə verilir.
Bundan başqa, ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab olunur və əmlak bölünərkən nəzərə alınmır.
Qanunvericiliyə əsasən, ümumi əmlak bölündükdən sonra bölünməmiş hissə, eləcə də nikah dövründə sonradan əldə olunan əmlak yenə də ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir.
Qeyd edək ki, nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi barədə məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddəti nəzərdə tutulur.
Belə mübahisələrə baxılarkən məhkəmə əmlakın hansı dövrdə əldə olunmasını, tərəflərin faktiki ailə münasibətlərini, təqdim etdikləri sübutları, uşaqların maraqlarını və iş üzrə digər mühüm halları araşdıraraq qərar qəbul edir.
Günay
Şərhlər