Siyasət 15:08 10.10.2022

"Bu, müharibənin yeni mərhələyə qədəm qoyacağından xəbər verir" - Politoloq

Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək. Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib: "Prezident çıxış etdikdən sonra mövzuları yönləndirəcəyik”. Peskov onu da qeyd edib ki, Putin yaxın günlərdə ölkə əhalisinə müraciət etməyi planlaşdırmır. 

Qeyd edək ki, son günlər Kiyevlə Moskva arasında münasibətlər daha kritik xarakter almağa başlayıb. Kremlin keçirdiyi "referendum”la Donetsk, Luqansk, Xerson və Zaporojyeni öz ərazisi kimi tanıması ilə Ukraynanın həmin ərazilərdəki bəzi yaşayış məntəqələrini azad etməsi, ardınca, Krım körpüsündə baş verən partlayış fonunda Rusiyanın daha da aqressivləşdiyi hiss olunmaqdadır. Bunun nəticəsidir ki, Ukrayna şəhərləri son saatlar şiddətli şəkildə Rusiyadan atılan raketlərə tuş gəlir. 

Bir tərəfdən də Rusiya nüvə silahına əl ata biləcəyini dünyanı hədələyir. Görünən odur ki, Rusiya son zamanlar cəhbədə itirdiyi mövqelərini daha ağır və bəşəriyyət üçün təhlükəli olan silahlarla hədələməklə bərpa etmək qərarına gəlib. Bu fonda bəzi analitiklər düşünür ki, Krım körpüsünün partladılmasında əslində Kremlin özü maraqlı olub. Rusiya həmin partlayışı Ukraynaya qarşı şiddətini daha da artırmağa əsas, daha doğrusu bəhanə vermək üçün təşkil edib. 

Qaynarinfo-ya açıqlama verən politoloq Tural Rzayevin fikrincə, Putinin Təhlükəsizlik Şurası üzvlərilə görüşü Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyacağından xəbər verir:



"Putin "referendum"dan sonra Ukraynanın 4 əyalətinə artıq öz ərazisi hesab kimi yanaşır. Lakin buna baxmayaraq, Ukrayna ordusu həmin əraziləri azad etməyə başlayıb. Artıq hətta Krım körpüsünün partladılması ilə birbaşa Krıma da hücum edilib. Belə vəziyyətdə Kreml rəhbərliyi müharibədə növbəti mərhələyə keçmək qərarına gəlib. Ona görə də Putin Təhlükəsizlik Şurası üzvlərilə görüşmək və xalqa müraciət etmək niyyətinə düşüb. Düşünürəm ki, bu plan əvvəlcədən planlaşdırılıb. Təhlükəsizlik Şurasının iclasında böyük ehtimalla daha hansı addımların atılması məsələsi müzakirə olunacaq. Hətta Ukraynada taktiki nüvə silahlarından istifadə məsələsinin müzakirəsi də istisna deyil. Putin nüvə silahından istifadə məsələsində cəmiyyətin dəstəyini almağa çalışır”. 

Rüfət Sultan