Siyasət 11:49 04.07.2022

Ceyhun Bayramov İrana hansı təkliflərlə gedib? - Ekspert

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib. Səfər çərçivəsində Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, hər iki nazir bir neçə gün öncə Xəzəryanı dövlətlərin Aşqabad sammiti çərçivəsində də görüşüblər. İranda İbrahim Rəisinin prezident olmasından sonra bu ölkənin Azərbaycana münasibətində müsbət tendensiyalar müşahidə edilməkdədir. Tehranla Bakı arasında əməkdaşlıq əlaqələri son zamanlar xeyli intensivləşib. Bütün bunlar sözsüz ki, 44 günlük müharibədə əldə edilən qələbədən sonra Azərbaycanın nüfuzunun artmasının nəticəsidir.

Qaynarinfo-ya açıqlamasında səfəri dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, iki ölkənin əməkdaşlığında ciddi dəyişikliklər üçün zəmin yaranıb:
 
"Əslinə qalsa, bu Ceyhun Bayramovun İrana cavab səfəridir. İran xarici işlər nazirinin Bakıya gəlişindən sonra görünür bəzi müsbət tendensiyalar müşahidə edilib və ciddi dəyişikliklər üçün əsaslar yaradılıb. Hesab edirəm ki, Bayramovun səfəri çərçivəsində əsas məqsəd məhz bu istiqamətdə işlərin davam etdirilməsidir. 

İstisna deyil ki, müştərək layihələrin həyata keçirilməsi mövzusu da müzakirə ediləcək. İki ölkə arasında bir sıra müştərək layihələr mövcuddur. Zəngəzur dəhlizinə aid bəzi razılaşmalar əldə edilib. Ənənəvi olaraq kommunikasiya və tranzit mövzuları da danışıqların diqqət mərkəzində ola bilər. Bu baxımdan gündəmin praktik olacağını düşünürəm. Ümid edirəm ki, səfər müsbət nəticələr verəcək”.

Rüfət Sultan