Siyasət 14:00 25.11.2022

Ceyhun Bayramovun Qazaxıstan səfəri nə vəd edir?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul şəxslərin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə bu gün Qazaxıstanın Aktau şəhərinə səfərə gedib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat idarəsi məlumat yayıb. 

27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub. 

Politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında bidirib ki, belə tədbirlər türk dövlətlərinin vahid amal uğrunda birləşməsini daha da sürətləndirəcək:

"Türk dövlətləri arasında əlaqələrin güclənməsi və intensivləşməsi artıq hamının gözü önündədir. Qazaxıstan və Özbəkistanda bu yaxınlarda keçirilən tədbirlər, habelə Türk Dövlətləri Təşkilatının tədbirləri yaxın gələcəkdə bu istiqamətdə addımların daha yüksək səviyyəyə qalxacağından xəbər verir. Maraqlı məqam odur ki, Türkiyə ilə digər türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycan açar rolunu oynayır. Bir neçə il bundan öncəyə qədər türkdilli respublikaların bir-birinə yaxınlaşmalarına şübhəli baxanlar, indi artıq bu yaxınlaşmanın ciddi nəticələr verdiyinin şahidi olurlar. 



Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan rəsmiləri arasında olan bu tədbir bu münasibətlərin inkişafı yolunda atılan yeni addımların əlamətidir. Bir il bundan öncəyə qədər belə tədbirlər ancaq Türkiyə və Azərbaycan arasında keçirilirdisə, artıq digər türk dövlətləri də prosesdə aktiv yer almağa başlayıb. Bu da onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri digər türk dövlətləri üçün də bir mayakdır. 

Nəqliyyat, tranzit, kommunikasiya vasitələrindən birgə istifadəyə Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan da qoşulur. Prosesin genişlənməsilə heç şübhəsiz Özbkistan, Qırğızıstan və Türkmənistan da orada yer alacaq. Son nəticədə belə əməkdaşlıq türk dövlətlərinin güclənməsi, inkişafı və xarici təhdidlərə qarşı layiqli cavab vermələrinə imkan verəcək. Hiss olunur ki, hər keçən gün türk dövlətlərinin vahid amal uğrunda birləşməsi daha da yaxınlaşır”. 

Rüfət Sultan