Dünya 22:22 06.09.2023

Çin rəsmilərinə "iPhone"dan istifadə qadağan edildi

Çin hakimiyyəti nazirliklərin, idarələrin və digər dövlət orqanlarının məmurlarına "iPhone" və digər xarici istehsalçıların smartfonlarını rəsmi məqsədlər üçün istifadə etməyi və işə gətirməyi qadağan edib. Müvafiq sərəncam daxili çatlar vasitəsilə birbaşa rəislər tərəfindən vəzifəli şəxslərə göndərilib və ya bu haqda iclaslarda məlumat verilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu sərəncam ölkədə xarici texnologiyalardan istifadəni azaltmaq və bununla da ÇXR hüdudlarından kənara məxfi məlumatların sızmasının məhdudlaşdırılması üzrə davam edən kampaniya kontekstində kibertəhlükəsizliyi gücləndirmək üçün növbəti cəhddir.

Əvvəllər ölkə hakimiyyəti müəyyən qurumlarda "iPhone"dan istifadəyə məhdudiyyətlər tətbiq edirdisə, indi bu sərəncam daha da genişləndirilib. Bu arada, ekspertlərin gözlədiyi kimi, Çin hakimiyyətinin qərarı xarici brendlərin, o cümlədən "Apple"ın ölkədəki fəaliyyətini xeyli pisləşdirəcək. "Apple" indi Çinin yüksək səviyyəli smartfon bazarında üstünlük təşkil edir. Çin ABŞ istehsalçısı üçün ən böyük bazarlardan biridir və bütün gəlirin 19%-ni təmin edir. 

Nizami Bağırov