
Dekabrın 21-də “Dalğa” Gənclər Hərəkatının növbəti qurultayı keçiriləcək.
Təşkilatdan Qaynar.info-ya verilən məlumata görə, qurultay Bakının “Park İnn” otelinin “Nəsimi” zalında baş tutacaq. Saat 15-dən başlayacaq qurultayda “Dalğa” hərəkatına bir il müddətində rəhbərlik edəcək sədr və “Demokratiya Məktəbi”nin direktoru seçiləcək.
Sədr və direktor gizli səsvermə yolu ilə seçiləcək.
“Dalğa”nın sədrliyi uğrunda iki nəfər mübarizə aparır: Fərid Eyyubov və Hacı Zeynallı. “Demokratiya Məktəbi”nin direktoru postuna isə bir nəfər – Aydın Ceyhunoğlu namizəddir.
“Dalğa” Gənclər Hərəkatının sonuncu sədri Saleh Mehdizadə olub. O, mart ayında istefa verib. Həmin vaxtdan hərəkatı İdarə Heyəti idarə edib. Bir ay əvvəl İdarə Heyəti də istefaya gedib və qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Komitəyə Fəzilət Səmədsoy rəhbərlik edir.
Qaynar.info