
Ölkəmizdə yol hərəkəti ilə bağlı ciddi problemlərin olduğunu desək yanılmarıq. Bunlardan biri də "yol terroru” ilə mübarizə aparmaqdır. Əvvəllər bu problemin müəyyən qədər radarlar vasitəsilə həll ediləcəyi düşünülsə də, bu, özünü tam doğrultmadı. Doğrudur, ölkənin əsas yollarınmda radar, kamera sisteminin quraşdırılması bir sıra pöroblemlərin həllinə kömək edib, amma bu sahədə çətinliklər hələ də qalır.
Bu gün cəmiyyətdə “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq, respublika avtomobil yollarında gizli radarların quraşdırılması, kimlərinsə radarlardan "toxunulmazlıq" statusuna malik olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Amma bu məsələlərin nə dərəcədə doğru olub-olmaması ilə bağlı ekspertlərin rəyi maraq doğurur.
Hüquqşünas, ekspert Şəmsəddin Əliyev bildirib ki, ölkədə sürücünün hərəkət zamanı sezə bilmədiyi özəl və gizli radar kameraların quraşdırılması qanunun tələbinə ziddir. Çünki radarların quraşdırılmasında məqsəd sürücülər tərəfindən baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir. Sürücü bir növ texniki qurğunu görüb əyləci basır, hərəkət istiqamətinə daha diqqətli olur. Nəticədə hadisənin qarşısı alınır.
Onun sözlərinə görə, Bakı şəhərində ictimai asayişin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə mövcud 643 yolayrıcında, 59 yeraltı və yerüstü piyada keçidində, 267 işıqforda 1200 ədəd veb kameraların quraşdırılması planlaşdırılıb. Bu proses iki mərhələdə başa çatacaq. İlk mərhələdə 800-ə yaxın veb-kameralar quraşdırılıb, proses davam edir.
"Polisə dəstək" İctimai Birliyi sədrinin fikrincə, sükan arxasında kimin əyləşməsindən asılı olmayaraq o, mədəni, sürücü peşəsinin peşəkarlığını artırılmalı, ağılla idarə etməyi bacarmalı, qanunla onun tələbi əsasında quraşdırılan qurğuların işarələrinə hörmətlə yanaşmalıdır. Belə olmayanda ciddi fəsadlar ortaya çıxır. Statistikaya görə, son 9 ayda yol-nəqliyyat hadisələri nəticəsində 74 nəfəri, xəsarət alanlardan isə 175 nəfəri uşaqlar olub ümumilikdə 609 nəfər dünyasını dəyişib, 253 nəfər xəsarət alıb. Əvvəlki ilin 9 ayı ilə müqayisədə bu il nisbətən ölüm faktı çox olub. Yaralıların sayı isə 5 faiz azalıb.
Hüquqşünas "toxunulmazlıq" məsələsinə də aydınlıq gətirib: "Qanunvericilikdə belə hal mövcud deyil. Hər kəs qanunun tələblərinə əməl etməlidir."
Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılan zaman millət vəkilləri avtomobillərinin yollarda elektron radara düşməsindən və buna görə cərimələr tətbiq olunmasından şikayətləniblər. Onlar cərimələrin tətbiqi zamanı millət vəkillərinin fəaliyyətlərinin nəzərə alınmasını təklif ediblər.
Ş.Əliyev deyib ki, müasir dövr, demokratik ölkələrdə Konstitusiyanın inkişaf meyli deputat immunitetinin zəiflədilməsi, tədricən aradan qaldırılması ilə xarakterizə olunur. İndi bəzi parlament üzvləri bu imtiyazdan istifadə edib dövlət orqanlarına təsir edir, sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olurlar. Lakin təşəkkül tapmış və dairəsini genişləndirmiş demokratik ölkələrdə deputat toxunulmazlığının heç bir mənası yoxdur.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da mətbuata açıqlamasında bildirib ki, qanunvericilikdə heç kimin cəriməni ödəməkdən azad olunması kimi istisna halı yoxdur: "Deputat toxunulmazlığı millət vəkilinə qanunu pozmağa icazə vermir. Bu, qanunu pozan deputatın məsuliyyətə cəlb olunmasının xüsusi qaydasıdır. Yəni onların qanunu pozmaq yox, qanunu pozduğu halda bir qədər fərqli qaydada cəzalanmaq hüququ var.”
Bütün bunlardan belə nəticə çıxarmaq olur ki, DYP əməkdaşının yol hərəkəti qaydalarını pozan istənilən şəxsə, o cümlədən deputatı cərimə tətbiq etməsi tam qanunidir. DYP əməkdaşı nəinki onu cərimə edə, hətta, polisin qanuni göstərişlərinə tabe olmayanda inzibati qaydada tutaraq həbs edilməsi üçün məhkəməyə təqdim edə bilər. Zənnimizcə, kimlərinsə imtiyaz davası etməsi doğru deyil.
Qaynar.info