Xəbər lenti

DİP mükafatları jurnalistlərə təqdim etdi - FOTOLAR
Ölkə13:34 25.10.2013

DİP mükafatları jurnalistlərə təqdim etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyası 22 iyul – Milli Mətbuat Günü münasibətilə Partiyanın təsis etdiyi «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafatı sahiblərinə təqdim edib. 

Qaynar.info xəbər verir ki, təqdimat mərasimində partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir. 

«Sivil və demokratik cəmiyyətlərin formalaşmasında medianın müstəsna xidmətləri var. Azərbaycan jurnalistləri kifayət qədər çətin şərtlər altında çalışır və mediamızı inkişaf etdirirlər. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir » – deyə millət vəkili bildirib. 

Sonra o, müvafiq mükafatları qaliblərə təqdim edib. Aygün Muradxanlı (“Yeni Müsavat” qəzeti) - Azərbaycanın ictimai-siyasi həyatına dair obyektiv məqalələrinə, Emil Quliyev (“Gün.az”) - Azərbaycanın ictimai-siyasi həyatının mediada peşəkarcasına işıqlandırılmasına, Qaynar.info – Azərbaycanda elektron medianın inkişafındakı roluna görə mükafatlandırılıb. 

Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi keçirdiklərini ifadə ediblər.

Xatırladaq ki, bu təsisatda məqsəd jurnalistləri Azərbaycan mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Qaynar.info