"Türkiyə Qarabağ məsələsində
geri çəkilməyəcək və ən gözlənilməz qətiyyətli hərbi addımlara da hazırdır”.
Bunu Qaynarinfo-ya
açıqlamasında politoloq Nəsimi Məmmədli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
rusiyalı həmkarı Vladimir Putinin telefon danışığının bəzi detallarını şərh edərkən
deyib. Politoloq bildirib ki, Ərdoğanın xüsusilə də Qarabağ ərazisində, konkret
olaraq Şuşa şəhərində PKK-nın 2000 terrorçusunun olması barədə kəşfiyyat məlumatlarını
Rusiya prezidenti Putinə çatdırması təsadüfi deyil:
"Türkiyə məhz PKK
amilini özünün "qırmızı xətt”i sayır. Türkiyə dövləti PKK məsələsində hətta
bütün dünyanı qarşısına alacaq qədər prinsipial mövqeyə malikdir. Bunu Qərb də,
İran da, Rusiya da bilir. Digər tərəfdən, artıq Azərbaycan çox ciddi hərbi qələbələr
qazanıb və prosesə diktə edir. Bu mərhələdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin
mandatı öz əhəmiyyətini itirib. Görünən budur ki, ABŞ yeni sülh prosesinə cəhd
edir və tərəflərlə işləyir. Eləcə də Türkiyə Qarabağda sülh danışıqlarına və
ümumiyyətlə, nizamlanma prosesinə rəsmən daxil olmaq istəyir. Ərdoğan Putini
buna razı salmağa çalışır”.
Nəsimi Məmmədli qeyd
edib ki, əgər Rusiyanın razılığı alınarsa, Ermənistanın müqaviməti çətinləşəcək:
"Əslində Putin Qərbin
bu prosesdən kənərlaşdırılmasında maraqlıdır. Suriyada olduğu kimi Türkiyə,
İran və Rusiyanın Qarabağda da birgə fəaliyyətinə cəhdlər var. İranın fəal
diplomatik təşəbbüslərinin arxasındakı amillərdən biri də bununla bağlıdır.
Rusiya prezidenti Putin özünün və ölkəsinin maraqları baxımından Türkiyə ilə
Qarabağda açıq hərbi toqquşmaya gedə bilməz. Lakin meydanı da tərk etməyəcək.
Rusiya burada Türkiyənin rolunu İranın iştirakı ilə balanslaşdırmaq istəyir. Azərbaycan-İsrail
münasibətlərinin, strateji əməkdaşlığının indiki vəziyyətində Azərbaycanın buna
razılaşacağı inandırıcı deyil”.
Qeyd edək ki, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon
danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Ərdoğan "Qırmızı xətlərimizi
də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz
yummayacağıq”, – deyə görüşün detallarını açıqlayıb.
Bahar Rüstəmli
Şərhlər