"30 ildə Azərbaycan
iqtisadiyyatına milyardlarla ziyan dəyib".
Bunu Qaynarinfo-ya
açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə,
Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi ilə əlaqədar məsələ gündəmdədir:
"Həmin ərazilər
30 il müddətində işğal altında olub. 30 ildə Azərbaycana kifayət qədər ziyan dəyib.
Həm təbii sərvətlərindən istifadə ediblər, həm də faktiki olaraq Azərbaycan
iqtisadiyyatı həmin zonada işləməyib. Burada 200 milyarddan yuxarı vəsaitdən
söhbət gedir. Hazırda bununla əlaqədar olaraq müəyyən işlər aparılır, əlimizdə
müəyyən sənədlər də var. Hadisələrlə əlaqədar Ermənistanın Azərbaycana vurduğu
ziyanla əlaqədar Respublika Prokurorluğunda cinayət işi qaldırılıb. Hər bir
hadisə, söküntü-dağıntı ilə əlaqədar olaraq cinayət işi açılır".
Vahid Əhmədov qeyd
edib ki, müharibə başa çatıb, ərazi bütövlüyümüz bərpa olunandan sonra bu məsələ
mübahisə predmeti olacaq:
"Yəqin ki, həmin
işlər beynəlxalq məhkəmələrə təqdim olunacaq. Həmin məhkəmələrdə bizim
hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edərək, bu prosesi müdafiə
edəcəklər. Burada milyardlarla vəsaitdən söhbət gedir. Onlar 30 ildən çoxdur
bizim torpaqları istismar edib. Bundan əlavə, torpaqlarımızdan, təbii sərvətlərimizdən
istifadə ediblər. Bir ay ərzində də ölkəyə cox ciddi, mülki əhaliyə ziyanlar vurublar, obyektlər dağıdılıb.
Burada böyük rəqəmdən, məbləğdən söhbət gedir. Bunlar hamısı hesablanacaq".
Bahar Rüstəmli
Şərhlər