"Biz prezident Makrona təzyiq etdik, çünki bizim birbaşa əlaqələrimiz var və Fransa ilə danışıqlar apardıq ki, Parisin beynəlxalq aləmdə mövqeyi ermənipərəst və "artsax"pərəst olsun”.
Qaynarinfo xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Komitəsinin (CCAF) həmsədri Murda Papazyan Ermənistanın "Hraparak” qəzetinə müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, təşkilat qarşısına qoyduğu məqsədə çatıb.
"Biz buna nail olduq. Çünki bilirsiniz ki, Fransa BMT Təhlükəsizlik Şurasından bir neçə dəfə "Artsax” (Qarabağ bölgəsi nəzərdə tutulur-red.) probleminin öz gündəliyinə salınmasını tələb edib və bu iclas iki dəfə baş tutub. Fransanın mövqeyi çox müsbətdir və bizim gözlədiyimiz mövqe budur”, deyə Papazyan bildirib.
Buna baxmayaraq, erməni lobbiçi hesab edir ki, tək Fransanın dəstəyi kifayət deyil və Paris bu məsələdə ətrafına müttəfiqlər toplamağa çalışır.
"Fransa beynəlxalq aləmdə, xüsusən də Avropada təkdir, çünki Türkiyə və Azərbaycan lobbisi çox ciddi işləyir. Fransa daha da irəli getmək üçün ətrafına bir sıra müttəfiqlər toplamağa çalışır. Beləliklə, bildirək ki, Fransa ermənipərəstdir, o təkdir, ona görə də təəssüf ki, nə BMT-yə, nə də beynəlxalq ictimaiyyətə böyük təsir göstərə bilir”, deyə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Komitəsinin həmsədri təəssüflə qeyd edib.
O hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini müdafiə etmək istəmir və bununla fəxr edir:
"Siz başa düşməlisiniz ki, biz Fransadan ciddi addımlar tələb edəndə Paris deyir ki, biz bunu edəcəyik, amma Ermənistan özü bunu etmir. Yəni Ermənistan Qarabağı qorumur, Nikol Paşinyan isə Qarabağı müdafiə etməyəcəyini bəyan edir və belə görünür ki, Paşinyan Ermənistanın Qarabağı müdafiə etməyəcəyi ilə fəxr edir”.
Nizami Bağırov
Şərhlər