Dünya 23:21 11.04.2023

Ermənistanın təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlandı (YENİLƏNİB)

Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlanıb.

Bunlar Artur Avetisi Saakyan (1999-cu il təvəllüdlü), Mkrtiç Armeni Arutyunyan (1989-cu il təvəllüdlü), Henrik Vaçaqani Koçaryan (1997-ci il təvəllüdlü) və Narek Qagiki Sarkisyandır (1994-cü il təvəllüdlü).

Qeyd edək ki, təxribat nəticəsində daha 6 erməni hərbçi yaralanıb.
 
 ***
 
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi məhv edilib, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Yaralananlar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.