Xəbər lenti

Fələstinin dövlət kimi tanınması: BMT bu addımı atacaqmı?
Dünya 19:20 27.05.2024

Fələstinin dövlət kimi tanınması: BMT bu addımı atacaqmı?

"Rusiya və Türkiyə kimi oyunçuların güclənməsi və birgə çıxış etmələri beynəlxalq hüquqi sistemin yenidən qurulmasına gətirib çıxara bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Türkiyə XİN rəhbəri Hakan Fidanın Fələstinin müstəqil dövlət kimi tanınmaması vəziyyətinin təkrarlanmasının beynəlxalq sistemin dağılmasına gətirib çıxaracağı barədə bəyanatını şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, beynəlxalq sistem 1991-ci ildə sovet imperiyasının dağılması, NATO-nun genişlənməsi və ABŞ-ın Əfqanıstanla İraqa müdaxilə etməsilə öz əsas sütunlarını itirməyə başlayıb:

"BMT-nin beynəlxalq təşkilat olaraq dünyada sülh və əmin-amanlığın qorunması istiqamətində fəaliyyəti sıfıra enib. Həmçinin, birqütblü dünyanın yaranması, Qərbin, xüsusən də ABŞ-ın daha fəal hərəkətinə, onun müttəfiqlərinin daha cəsarətli olmasına gətirib çıxardı. Yaxın Şərqdə isə Vaşinqtonun əsas müttəfiqi İsrail dövlətidir. 1948-ci ildə həm İsrail, həm də Fələstin dövləti yaranmalı idi. Lakin Fələstin dövlətinin yaranmasının qarşısının alınması bölgədə vəziyyətin gərginləşməsi və bu müddət ərzində bir neçə Fələstin İsrail müharibəsinin baş verməsinə gətirib çıxarıb". 



Ekspert hesab edir ki, müasir düzən Fələstində Osmanlı idarəçiliyinin bitməsilə başlanılıb:

"Həmin proses keçən əsrin 40-cı illərin sonlarında Yaxın Şərqdə üstünlüyün Britaniyadan ABŞ-ın əlinə keçməsilə tamamlandı. İndi isə BMT başda olmaqla bir sıra beynəlxalq təşkilatlar özləri böhran içindədir. Bu mənada, Fələstin probleminin uzanması həm yerli, həm beynəlxalq böhrana, dünya hüquqi-siyasi sistemin hazırda çökməsinə gətirməsə də, böyük ölçüdə sarsılmasına gətirəcək. Fələstin dövlətinin tanınma prosesinin yubanması da problemləri daha da artıracaq. Rusiya və Türkiyə kimi oyunçuların güclənməsi və birgə çıxış etmələri bu hüquqi sistemin yenidən qurulmasına səbəb ola bilər".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin müstəqil dövlət kimi tanınmadığı vəziyyətin təkrarlanmasının beynəlxalq sistemin dağılmasına gətirib çıxaracağını bəyan edib:

"BMT Təhlükəsizlik Şurasında Fələstinin müstəqil dövlət kimi tezliklə tanınmasının tərəfdarıdır. Fələstinin müstəqil dövlət kimi tanınmadığı vəziyyətin  təkrarlanması beynəlxalq sistemin dağılmasına gətirib çıxaracaq. Türkiyə olaraq Fələstinin BMT Təhlükəsizlik Şurası tərəfindən dərhal müstəqil  dövlət kimi tanınmasının çox vacib olduğuna inanırıq. Bu, beynəlxalq hüququn və bəşəriyyətin vicdanının tələbidir. Beynəlxalq sistem artıq böyük böhran vəziyyətindədir. 150 ölkənin tanıdığı dövlət BMT Təhlükəsizlik Şurasında bir ölkə səsverməsi ilə yenidən rədd edilərsə, bu böhranı daha da dərinləşdirəcək və beynəlxalq sistemin tamamilə dağılmasına səbəb olacaq reallıqla qarşılaşacağıq".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->