Asif Nərimanlı
Siyasət 09:19 28.11.2023

Fransa bu 7 düşərgədə erməniləri hazırlayır: Azərbaycana hücum?

Fransanın erməni hərbçilərə təlim keçdiyinə dair məlumatlar "hansı ölkəyə hücum hazırlanır” sualını ön plana çıxardı. Bu məlumatı gündəmə gətirən rusiyalı hərbi bloger Anastasiya Kaşevarova erməni hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hazırlandığını iddia edir. Lakin bu iddia bir qədər real görünmür.

Birincisi, Ukrayna cəbhəsinə ən az muzdlu döyüşçü göndərən ölkələrdən biri Fransadır;
İkincisi, Fransa hazırda Rusiyaya qarşı cəbhə almış kimi görünsə də, müharibənin əvvəlindən Moskva ilə anlaşmaqdan yanadır və Ukraynaya verdiyi dəstək daha çox "məcburiyyət” kimi görünür;
Üçüncüsü, Cənubi Qafqazda baş verənlər, Fransanın maraqları və gözlənilən mümkün ssenarilər fonunda erməni hərbçilərin məhz bu bölgədəki planlar üçün hazırlandığı ehtimalını gücləndirir;

Anastasiya Kaşevarovanın "Rusiyaya qarşı döyüşmək” fikirləri daha çox ictimai rəyi yönləndirməyə hesablanmış ola bilər, xüsusilə Moskva-İrəvan xəttində çatların dərinləşdiyi vaxt rus ekspert cameəsindən belə mövqelərin sərgilənməsi intensivləşib. Lakin rusiyalı blogerin Fransanın erməni hərbçilərə təlim keçdiyi haqda dediklərində həqiqət payı böyükdür. Kaşevarova bildirir ki, erməni hərbçilər Fransada yeddi təlim mərkəzində hazırlanır.

"Fontevrault L'Abbed” təlim mərləzi, Mayi-le-Kan ərazisindəki "CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və "CES - Center d'entrainement des post de” təlim mərkəzi erməni hərbçilərin hazırlandığı düşərgələrdir”, - rusiyalı jurnalist düşərgələrin konkret adını da çəkir. Əlavə edir ki, təlim görən erməni hərbçilər arasında könüllülər də var, əsasən də "artsax”dan (Qarabağdan) gələn gənclər bura cəlb olunurlar.

Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq güclənib. Hərbi anlaşmalara görə, Fransa Ermənistanı silahlandırır, o cümlədən, ordunun modernləşdirilməsi, təlimlərin keçirilməsi, kadrların hazırlanmasını da həyata keçirəcək. İstisna deyil ki, Fransa düşərgələrində erməni hərbçilərin təlimdən keçməsi bu prosesin tərkib hissəsidir. Qarabağdan olan "könüllü gənclər” isə bölgədən çıxarılan erməni silahlı dəstələrin üzvləri ola bilər. Çünki öz ölkələrinə qayıdan erməni hərbçilərin böyük hissəsi orduda xidmətə götürülmədi, bunun əsas səbəbi Ermənistan ordusunun onları saxlamaq imkanının olmamasıdır. Mümkündür ki, Qarabağdan geri qayıdan erməni hərbçilərin bir qismi Fransadakı təlimlərə göndərilib. Lakin burada sual yaranır: əgər Ermənistan ordusu bu hərbçiləri öz sıralarına daxil etməyibsə, o zaman niyə təlim keçirilir, yaxud onlar nəyə hazırlaşdırılır?

Bu sualın cavabını Fransanın Cənubi Qafqazda hazırladığı ssenarilərdə axtarmaq lazımdır. Rəsmi Parisin bölgədə İrəvan üzərindən möhkəmlənmək planı bəllidir və bunun üçün Rusiyanı Ermənistandan çıxarmağa hazırlıq gedir. Rəsmi İrəvana Moskvadan tamamiə imtina etmək üçün bəhanə lazımdır. Bu bəhanənin Azərbaycanla sərhəddə eskalasiyanın yaradılması olacağı gözləntiləri var. Bununla həm öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, Rusiyadan imtina edə biləcəklər, həm də sülh danışıqlarında mövcud gündəliyi arxa plana keçirib, yeni reallıq yaratmaq istəyəcəklər. Bütün bunlar Fransada təlim keçən erməni hərbçilərin Azərbaycana qarşı hücuma hazırlaşdırıldığı versiyanı önə çıxır. Qarabağdan olan erməni hərbçilərdən ibarət xüsusi təxribat bölməsinin yaradılacağı və hücumda əsasən onlardan istifadə ediləcəyi istisna edilməməlidir.

Asif Nərimanlı