Fransa istintaq məhkəmə hakimləri, Suriyanın devrilmiş lideri Bəşər Əsədin hərbi cinayətlərdə, xüsusilə mülki şəxslərə qarşı qəsdən hücumda iştirakda şübhəli bilinməsi ilə bağlı həbs orderi veriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyinə hüquq dairələrindən bir mənbə
bildirib.
Agentliyin məlumatına görə, order 20 yanvar tarixində, 7 iyun 2017-ci ildə Suriyada bombardman nəticəsində həlak olan fransız-suriya vətəndaşı Salah Əbu Naburun işi üzrə başlanan istintaq çərçivəsində verilib.
Bu, Fransa hakimlərinin keçmiş Suriya lideri haqqında verdiyi ikinci həbs orderidir. Xatırladaq ki, Əsəd dekabrın əvvəllərində üsyançılar tərəfindən devrilmişdi.
Bildirilib ki, 2023-cü ilin noyabr ayında Fransa hakimləri Bəşər Əsəd haqqında insanlıq əleyhinə cinayətlərdə və hərbi cinayətlərdə iştirak ittihamı ilə ilk həbs orderini vermişdi.
Bu, 2013-cü ilin avqust ayında Dumada və Şərqi Quta bölgəsində həyata keçirilən kimyəvi hücumların Fransa tərəfindən aparılan araşdırması nəticəsində baş verib. Həmin vaxt 1000-dən çox insan həlak olmuşdu.
Agentlik əlavə edir ki, Əsədin hökuməti keçmişdə mart 2011-ci ildə başlayan vətəndaş müharibəsi zamanı müxalifətə qarşı kimyəvi silah istifadəsini inkar edib.
Xatırladaq ki, 8 dekabrda Suriyadakı üsyançılar paytaxt Dəməşqin nəzarətə götürüldüyünü bəyan edərək, Əsədin iki onillikdən artıq hakimiyyətinin sona çatdığını elan ediblər.
ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Əsəd rejiminin gözlənilməz şəkildə devrilməsindən sonra Suriyadan gələn terror təhlükəsinə qarşı iş aparacaqlarını bildirib.
Avropanın bir sıra dövlətləri Əsəd rejiminin süqutundan sonra Suriyadan sığınacaq tələblərinə baxmayacaqlarını bəyan ediblər.
Dekabr ayında Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Suriyada prezident Bəşər Əsədi devirən üsyançı qruplarla əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Alpər
Şərhlər