
"Get bacına oxutdur bu kitabı"
Jurnalist Pərviz Əzimov Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən təzyiqlə qarşılaşması ilə bağlı məlumat yayıb.
Qaynar.info-nun məlumatına görə, P.Əzimovun yaydığı məlumatda qeyd olunur ki, onun çap etdiyi gənc yazarlarında hekayələrindən ibarət "13" adlı kitab senzura ilə qarşılaşıb.
"Məlumatınız olduğu kimi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna gənc yazarların hekayələrindən ibarət kitabın çap olunması ilə bağlı “Cib kitabı” adlı layihə təqdim etmişdim. Layihəyə fondun Müşahidə Şurası tərəfindən baxıldı və maliyyə ayrılması ilə bağlı qərar verildi.
Layihə çərçivəsində ekspertlər tərəfindən seçilmiş 13 müəllifin hekayəsindən ibarət “13” adlı kitab çap olundu. Kitab çap olunduqdan sonra bir nüsəxsini təqdimatöncəsi keçiriləcək təqdimata dəvətnamə ilə birlikdə Gənclər Fonduna təqdim etdim.
Kitabı təqdim etdikdən 1 gün sonra fondun aparat rəhbəri Faiq Qürbətov mənimlə əlaqə saxlayaraq “Bu kitab yayılmamalıdır" dedi. Səbəbini soruşduqda isə bildirdi ki, kitabdan əxlaqsız sözlər var: “Kitabda “məmə” sözü var. Utanmırsan, bu kitabı çap edirsən. Bu bizim milli-mənəvi dəyərlərimizə ziddir. Mən heç vaxt icazə verə bilmərəm ki, bu kitabı ovladlarım oxusun”.
F. Qürbətova ölkədə senzuranın ləğvi ilə bağlı eks-prezident Heydər Əliyevin imzaladığı sərəncamı xatırlatdım. O isə buna heç bir cavab vermədən təhqiramiz formada: “Get bacına oxutdur bu kitabı. Evdəkilərinə oxutdur. Mən deyirəm yayılmamalıdır vəssalam”.
1 gün sonra isə kitabın təqdimatı keçiriləcəyi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi “Kitab evi”ndən mənimlə əlaqə saxlayaraq bildirdilər ki, yuxarıdan tapşırıq gəlib. Ona görə də təqdimat üçün yer verə bilməyəcəyik.
Belə olan halda tələb etdim ki, fond bununla bağlı mənə rəsmi məktub göbdərsin. 1 gün sonra fonddan elektron poçtuma daxil olan məktubda isə tamam başqa səbəblər göstərilməyə başladı. Məktubda göstərilirdi ki, güya kitabın üzərinə yazılan qiymət Qeyri-Kommersiya Layihələrinin maliyyələşdirilməsi ilə bağlı qanuna ziddir. Yəni ki, kitab satılmamalıdır. Bu məktublarına cavab olaraq bildirdim ki, mənim tərəfimdən fonda təqdim olunan "Cib kitabı" layihəsində "Layihənin davamlılığı çap olunacaq kitabların simvolik qiymətə satışı ilə təmin olunacaq. Beləki, kitablar simvolik qiymətə 2.5 AZN-ə satılacaq. Əldə olunan gəlir isə layihənin davamlılığını təmin edəcək. İndiki layihə əsasən paytaxt gənclərini əhatə edəcək. Əldə olunan vəsait vasitəsilə isə layihənin ikinci hissəsi olaraq region gənclərinin kitabları çap olunacaq" təklifini əlavə etmişdim.
Fondun Müşahidə Şurası layihənin dəyərləndirərkən buna heç bir etiraz etməyib və mənə bu bəndin dəyişdirilməsi ilə bağlı öncədən heç bir xəbərdarlıq edilməyib. Müşahidə Şurası məndən yalnız büdcənin azaldılmasını tələb edib və mən də buna əməl etmişəm. Lakin göndərdikləri məktubda qeyd olunur ki, kitabların üzərində olan qiymət kommersiya əldə etmək üçün yazılıb və bu qanuna ziddir.
Bir daha bildirirəm ki, burada məqsəd kommersiya xarakterli deyil. Fonda da bildirdim ki, qiymət layihənin icrasına mane olursa, mən şəxsi vəsaitim hesabına mətbəədə bütün kitablara düzəliş etməyə və qiymət hissəsini yığışdırmağa hazıram. Əgər bununla layihə davam edərsə, layihə rəhbəri olaraq bunu edə bilərəm.
Bundan başqa, məsələ ilə bağlı Prezident İlham Əliyevə və fondun icraçı direktoru Fərhad Hacıyevə də müraciət ünvanladım. Müvafiq olaraq Prezidentə və F. Hacıyevə göndərdiyim ilk məktubdan 17 gün, ikinci məktubdan isə 14 gün vaxt keçməsinə baxmayaraq heç bir məktubuma cavab verilməyib.
4 gün öncə isə fonda yaxınlaşaraq layihə ilə bağlı təsviri və maliyyə hesabatını təqdim etmək istədim. Mühasibə hesabatı təqdim edərkən Faiq Qürbətov içəri daxil oldu və “Bundan hesabatı qəbul etməyin. Bu o tərbiyəsiz kitabın müəllifidir”, - deyərək hesabatımı qəbul etməməyi tapşırdı.
Faiq Qürbətovla dialoq aparmağa cəhd etsəm də, məni aşağılamağa, təhqir etməyə, tərbiyəsiz, əxlaqsız adlandırmağa başladı. Ona bildirdim ki, mən kommersiya məqsədi güdmürəm və kitabın üzərindəki qiymət layihənin davamlılığı üçün nəzərdə tutulmuşdu. Bunu da Müşahidə Şurası təsdiq edib. Əgər bu yenə də problemdirsə, mən kitabın üzərindəki qiyməti şəxsi vəsaitim hesabına mətbədə düzəltdirə bilərəm. Amma onu da xüsusi olaraq xatırlatdım ki, fonda göndərdiyim məktubların heç birinə cavab verilmir.
F. Qürbətov isə bildirdi ki, fondun loqosu kitabın üzərində götürülməlidir. Bu isə onu göstərir ki, məsələ kitabın üzərindəki qiymət yox (çünki o hissə dəyişdirilir və satışı təşkil olunmayacaq.P.Ə) kitabın mətni ilə bağlıdır. Qısaca, kitaba senzura tətbiq edilir.
Bütün bunları nəzərə alıb bəyan edirəm:
1. Fonda təqdim etməli olduğum maliyyə hesabatı hazırdır və fond bunu qəbul etmir. Bununla bağlı heç bir məsuliyyət daşımıram!
2. Fond layihənin maliyyələşdirilməsi ilə bağlı layihə bitdikdən sonra keçirilməli olan məbləğin 30 faizini tezliklə hesabıma köçürməlidir.
3. Kitablar yaxın günlərdə oxuculara təqdim olunacaq və buna kimsə mane ola bilməz. Heç bir məkan buna icazə verməsə, təqdimatı evimdə keçirəcəyəm".
Qaynar.info

