Xəbər lenti

Siyasət 16:37 14.11.2023

"Görünür, Fransa Tiflisi həm də şantaj edir" (ŞƏRH)

"Gürcüstan Azərbaycanla arasında olan centlmen razılaşmasını pozur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Fransanın İrəvana verdiyi "Bastion” markalı zirehli maşının Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasını şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan Gürcüstana ən çox investisiya qoyan ölkədir:

”Görünür, Fransa Tiflisi aldatmaqla yanaşı, həm də şantaj edir. Ona görə də Gürcüstan öz ərazisindən  Fransa hərbi texnikasının Ermənistana keçməsinə imkan yaradıb. Tiflisi həm də Avropa İttifaqına üzv  qəbul ediləcəyi ilə şirnikləndirilir. Amma bu, mümkün deyil. Aİ-nin Nizamnaməsinə görə, ərazisində münaqişə olan bir ölkə quruma üzv ola bilməz”. 

Ekspert "Bastion” zirehli maşınının keyfiyyət göstəricilərinin aşağı olduğunu bildirib: 

"Fransanın "Bastion” zirehli maşınlarını Ukrayna belə almayıb. Həmin maşınların zirehini Rusiya mərmiləri deşirsə, onun Azərbaycana heç bir problemi olmayacaq. Ermənistan ağılını başına toplasa yaxşıdır. Onlar bu kimi zirehli maşınlarla Azərbaycan sərhədlərini poza biləcəklərini düşünürsə, Ermənistan dövlətçiliyini itirə bilər. Belə olarsa, Ermənistana ölkəmizin razılığı olmadan qeyri-qanuni verilən Göyçə, Dərələyəz, Zəngəzuru Azərbaycan geri alacaq”. 
 


Həmsöhbətimiz Tiflisin bu addımını əxlaq pozuntusu kimi dəyərləndirib:

"Fransa bölgədən Rusiyanı sıxışdırıb çıxarmaq istəyir. Bu mənada Tiflisin Fransa hərbi texnikasını  öz ərazisindən Ermənistana aparılmasına razılıq verməklə, yenidən Rusiyanı qıcıqlandırması Gürcüstan hökumətinin təcrübəsizliyindən qaynaqlanır. Tiflis bunu erməməli idi. Nə edək ki,  müasir dövrdə dövlətlərarası əxlaq pozulur. Amma   onu Azərbaycan pozmayıb və ona görə də başqaları  tərəfindən pozulan əxlaqa görə hər hansı bir məsuliyyət daşımırıq”.

Qeyd edək ki, Fransa Ermənistana 24 ədəd "Bastion” markalı çoxməqsədli zirehli maşınlar göndərib. Özü də həmin hərbi texnika Gürcüstandan keçərək Ermənistana aparılır. "Bastion” markalı çoxməqsədli zirehli maşınlar, həmçinin "Bastion” üçün avadanlıqlar Gürcüstanın Poti limanından Ermənistana daşınıb. Onu da vurğulayaq ki, Gürcüstan uzun müddət Ermənistana hərbi təyinatlı məhsulların tranzitindən imtina etmişdi. Amma son addım onu göstərir ki, Tbilisi artıq bu siyasətindən imtina etmək yolunu tutub. 

Rüfət Sultan
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->