Milli.Az xəbər verir ki, Goranboy rayonunun Borsunlu kəndində Lalə Həsənovaya məxsus ümumi sahəsi 70 kv. metr olan 1-mərtəbəli evdə yanğın baş verib. Alov mənzilin 46 kvadrat metrini, eləcə də ev əşyalarını yandıraraq yararsız hala salıb. Dərhal hadisə yerinə Goranboy Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğına vaxtında müdaxilə nəticəsində alovun yardımçı tikililərə və qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, ev yararsız hala düşüb. Goranboy Yanğından Mühafizə Hissəsinin rəisi Famil Əhmədovun bildirdiyinə görə, yanğına ilkin səbəb kimi ev sahibinin elektrik cihazını nəzarətsiz işlək vəziyyətdə qoyması göstərilir. Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Şəmkirdə isə əsən güclü külək yanğına səbəb olub. Elektrik naqillərindəki qısaqapanma nəticəsində rayonun Qılıncbəyli kəndində İlham İsgəndərova məxsus fərdi yaşayış evinin həyətində olan 25 ton otun 15 tonu yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin köməyi ilə alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.