Xəbər lenti

Hakan Fidan Bakı səfərində hansı məsələlər müzakirə edilib? (ŞƏRH)
Siyasət 14:56 15.12.2023

Hakan Fidan Bakı səfərində hansı məsələlər müzakirə edilib? (ŞƏRH)

"Fidanın Bakıya səfəri zamanı bəzi gizli məqamlar müzakirə edilib".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə xarici işlər naziri Hakan Fidanın dekabrın 14-də Azərbaycana baş tutan səfərini şərh edərkən deyib.

"Fidanın Bakıya səfəri ilə bağlı rəsmi açıqlamada daha çox diplomatik cümlələrdən istifadə olunub. Burada deyilir ki, səfər qarşılıqlı maraq doğuran və hər iki tərəf üçün önəmli olan məsələlərin  müzakirəsilə yüksək səviyyədə keçirilib. Bu açıqlama onu göstərir ki, tərəflər arasında son dərəcədə strateji, vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bakı ilə Ankara arasında fikir ayrılığına səbəb olacaq hər hansı bir məsələ yoxdur. Hakan Fidan XİN rəhbəri olduğu qədər, Türkiyə "dərin dövləti"nə uzun müddət rəhbərlik etmiş şəxs kimi regionda, dünyada, o cümlədən Türkiyə və Azərbaycanın birgə layihələrilə bağlı həm bilgili, həm də onların yönləndirilməsində bilavasitə məsul olan şəxsdir. 



Hər iki XİN rəhbəri birgə mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərində Türkiyənin rolu və iştirakını vurğuladılar. Fidan tərəfindən Bakı ilə İrəvan arasında münasibətlərin inkişafına adekvat olaraq Türkiyə ilə Ermənistan münasibətlərində də canlanma olacağını bildirməsi onu göstərir ki, tərəflərin daha çox müzakirə etdiyi məsələ Ermənistan Azərbaycan münasibətləri və bütövlükdə Türkiyənin Cənubi Qafqaz siyasəti olub", deyə Taleh Əliyev bildirib.

Politoloq bildirib ki, Hakanın Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərində ciddi gərginliyin olmadığı bir ərəfədə Bakıya səfəri Ermənistan məsələsi və hələlik ictimaiyyətə açılmayan növbəti addımlarla bağlı məşvərət xarakteri daşıyan səfər olub. 

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycana səfərə gəlib. Burada o,  Azərbaycan Prezidenti İlham Əliyev və XİN rəhbəri Ceyhun Bayramovla görüşüb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->