Xəbər lenti

İdman 13:29 09.03.2024

Həbsxanadan İngiltərə Premyer Liqasına gələn hakim

Bu gün İngiltərə Premyer Liqasında baş tutacaq "Kristal Palas" - "Luton Taun" matçını idarə edəcək hakim Sanni Sinh Gillin maraqlı fəaliyyət tarixçəsi var.

Qaynarinfo-nun məlumatına görə, o, Premyer Liqa matçını idarə edən ilk cənubi asiyalı hakim olacaq. Sanni, Sem Ellison, Sem Barrott, Bobbi Madli, Coş Smit, Rebekka Velç və Luis Smitdən sonra bu mövsüm PGMOL (Professional Game Match Officials Limited) seçmə qrupundan kənar yarışa dəvət alan yeddinci hakim olacaq.

Bu Sinh Gill ailəsi üçün daha bir əlamətdar məqamdır.

Onun atası Jarnil 2004-2010-cu illərdə 150 Premyer Liqa oyununda hakimlik edən, ilk və yeganə hakim olaraq qalır. Jarnil həmçinin idarə etdiyi oyunlara başına bandana taxıb çıxması ilə məşhur idi. Gillin qardaşı Bupinder 2023-cü ildə "Soutqempton" - "Nottingem Forest" matçında köməkçi hakim kimi meydana çıxıb. O, bu qarşılaşmadan sonra Premyer Liqa oyununda ilk asiyalı yan xətt hakimi tarixə düşüb. 

O, EFL-ə açıqlamasında "Futbol həmişə ailəmizdə olub. Mən və qardaşım oyunu sevərək böyüdük və əksər gənc uşaqlar kimi biz də sadəcə, oynamaq istəyirdik. Ancaq bizim evimizdə bu bir az fərqli idi. Çünki biz ibtidai məktəbdə oxuyanda atamızın həftə sonu hakimlik etməyə getdiyini bilirdik. Dostlarımız həmişə onu Premyer Liqada hakimlik edərkən gördüklərini bizə söyləyirdilər və buna öyrəşmişdik" deyib.
 


Sanni EFL-də hakimlik etməklə yanaşı həm də həbsxana zabiti kimi fəaliyyət göstərir. O, 2022-ci ilə qədər "Feltham" həbsxanası və Gənc Cinayətkarlar İnstitutunda çalışıb. Hazırda həbsxana xidmətlərində arabir növbəli şəkildə fəaliyyətini davam etdirir. Asiyalı hakim ilk matçını cəmi 17 yaşında olarkən İngiltərədə Bazar Liqası adlandırılan çempionatda idarə edib. O, sözügedən liqadakı fəaliyyəti ilə bağlı açıqlamasında, "Oyunçular oyuna yarısərxoş halda gəlirdilər. Onlar həmişə səndən daha çox bildiklərini düşünürdülər. Verdiyin hər qərardan sonra baş verənlər Üçüncü Dünya Müharibəsinə bənzəyirdi. Oyun üçün biletin qiyməti 25 funt-sterlinq idi. Ancaq nə olursa olsun, mən bundan həzz almadım və soyudum. Lakin heç vaxt irqçi şərhlərlə qarşılaşmadım. Amma bir neçə dəfə döyüşə girməyə yaxın oldum. Oyunda fərqli bir insan kimi, səhv etdiyiniz zaman üzünüzün xatırlanması daha asan olur. Mənə elə gəlir, oyunçuları yönləndirmək bir az daha asandır! Amma hər zaman təzyiq var və müxtəlif mövqelərdə olan 22 cüt gözün həmişə rəyi olacaq. Həbsxanada insanlar qəzəbli və məyus olduqda onlarla necə danışmağı bilmək lazımdır. Oyunçular hər şey yolunda getməyəndə eyni şeyi edirlər. Qərarınızı dərhal qəbul etmələrinə çalışmalısınız. Bir az şirin olmalısan" - sözlərini söyləyib.

2021-ci ilin aprelində həm o, həm də qardaşı Bupinder eyni çempionat matçında hakimlik edən ilk cənubi asiyalı cütlük olublar.

2019-cu ildə İngiltərə Futbol Federasiyası (FA) Premyer Liqa oyunlarında Asiya əsilli oyunçu, hakim və məşqçilərin sayını artırmaq, onları həvəsləndirmək üçün beş sütundan ibarət Asiya İnklüziv Strategiyasını işə salıb. Hazırda FA və PGMOL yüksək səviyyəli matç rəsmiləri arasında daha çox müxtəliflik yaratmaq üçün yeni "Core X" proqramı ilə çalışır. Onlar bu şəkildə futbolda az təmsil olunan ölkələrdən daha 1000 hakimi işə götürməyi hədəfləyir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->