
Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, iclasda çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib ki, hərbi prokurorluq orqanları 2013-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 64 şəxs barəsində 55 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər.
Onun sözlərinə görə, Hərbi Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həmin xidmətin idarə, şöbə və bölmələrində aparılan yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci və 313-cü maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib: “Hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəyən maddi ziyanın 78,6 faizinin istintaq zamanı ödənilməsini təmin ediblər”.
Xanlar Vəliyev xüsusi olaraq vurğulayıb ki, 2013-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib: “Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Ötən il Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir.