Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, AYNA-nın mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər.
"Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur. Beynəlxalq təcrübəyə də nəzər salsaq, görərik ki, Rotterdamdakı Leynban küçəsi, Kopenhagendə Ströget piyada zonası, Moskvanın Arbat küçəsi, Londondakı Trafalqar meydanı və bir çox başqaları avtomobillərin hərəkəti üçün tamamilə və ya qismən bağlıdır - bu ərazilərdə prioritet piyadalara verilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də təklifləri hazırlayarkən Bakının sakinlər üçün şəhərə çevrilməsi konsepsiyasını rəhbər tutub", - AYNA-nın sədri bildirib.
Anar Rzayev qeyd edib ki, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək:
"Digər hamı üçün nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması bir sıra üstünlüyə malikdir. Bu, avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək. Həmçinin ən əsası avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının müsbət cəhətlərdən biri də odur ki, tarixi abidələrin aşınmasının, infrastrukturun tez köhnəlməsinin qarşısını alacaq.
Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının turistlər arasında populyar olan bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək".
Şərhlər