Ölkə 15:37 29.12.2021

İcra başçısının sabiq müavininə hökm oxundu

Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətovla Arif Mustafayevə hökm oxunub və onlar cərimələnib.

"Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Quba Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub.

Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib.

Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Şikayət Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılır.

İttihama görə, X.Heybətov 11 fevral 2019-cu il tarixdən 11 mart 2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.

Belə ki, X.Heybətov A.Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (Rüşvətə təhrik etmə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.