"OpenAI" şirkətinin qurucularından biri olan İlon Mask süni intellekt sahəsində yeni problemlərin ortaya çıxdığını bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, neyron şəbəkələrin öyrədilməsi üçün mövcud məlumatlar artıq tükənib və bu proses ötən il baş verib.
Mask hesab edir ki, bu problemi yalnız sintetik məlumatlar həll edə bilər. O, süni intellekt modellərinin özləri tərəfindən yaradılan bu xüsusi məlumat növünün, neyron şəbəkələrin "özlərini qiymətləndirməyi və öz-özlərini öyrətməyi" mümkün edəcəyini qeyd edib.
Keçmişdə "OpenAI" şirkətinin baş elmi əməkdaşı olmuş İlya Sutskever də sintetik məlumatların gələcəkdə mühüm rol oynayacağını vurğulamışdı. Onun fikrincə, süni intellektin yeni nəsli problemləri addım-addım həll edərək düşüncə prosesinə bənzər bir yanaşma tətbiq edəcək.
Hazırda "OpenAI", "Microsoft" və digər texnoloji nəhənglər öz qabaqcıl modellərini öyrətmək üçün aktiv şəkildə sintetik məlumatlardan istifadə edirlər. "Gartner" analitik şirkətinin hesablamalarına görə, bu sahədə istifadə olunan məlumatların 60%-i süni şəkildə yaradılıb. Lakin belə bir yanaşma müəyyən risklər də daşıyır: sintetik məlumatlar mövcud materiallara əsaslandığından süni intellekt modelləri daha qərəzli və məhdud ola bilər.
Mütəxəssislər qeyd edir ki, süni intellektin inqilabi modellərinin yaradılmasını ləngidən əsas problem məhz məlumat çatışmazlığıdır. Bu yanaşmanın effektivliyini isə 2025-ci ildə təqdim edilməsi gözlənilən GPT-5 modeli ilə qiymətləndirmək mümkün olacaq. GPT-5-in tam funksional ümumi süni intellekt (AGI) olması planlaşdırılır.
İlon Maskın proqnozlarına görə, 2025-ci ilin sonuna qədər süni intellekt hər hansı bir insandan daha ağıllı olacaq. 2030-cu ilə qədər isə süni intellektin ümumi insan intellektini tamamilə üstələmə ehtimalı 100%-dir.
Aydın
Şərhlər