Dünya 19:54 02.11.2022

Şimali Koreya gizli şəkildə Rusiyaya sursat ötürür - ABŞ təfərrüatları açıqlandı

Şimali Koreya sursat çatışmazlığı yaşayan Rusiyaya gizli şəkildə artilleriya mərmilərinin göndərilməsini təşkil edib.

Qaynarinfo-nun CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, KXDR bunu Yaxın Şərq və ya Şimali Afrika ölkələrinə sursat tədarükünün arxasında gizlədir, amma əslində ruslar onları Ukraynaya qarşı müharibədə istifadə etmək üçün alırlar.

"Sentyabrda KXDR Rusiyaya sursat tədarük etmək niyyətində olduğunu açıq şəkildə təkzib etdi. Lakin bizim məlumatımız göstərir ki, KXDR Rusiyanın Ukraynadakı müharibəsi üçün gizli şəkildə xeyli miqdarda artilleriya mərmisi tədarük edir, eyni zamanda silah tədarükünün real təyinatını gizlədir”, deyə Kirbi bildirib.

O, ABŞ-ın tədarüklərə nəzarəti davam etdirəcəyini də vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Şimali Koreyadan sursat alması ilə bağlı məlumat ilk dəfə olaraq "The New York Times" nəşri tərəfindən dərc edilib.

Nizami Bağırov